21 Dekabr 2022 16:10
2 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illərdir münaqişəli vəziyyətdə olan Çin və Hindistanın sərhədində gərginlik yenidən artıb.

Teleqraf.com xəbər verir ki, Hindistanın sərhədə qoşun yığmağa başlaması ilə bölgədə təzyiqin yüksəldiyi bildirilir.

Hindistan xarici işlər naziri Subramanyam Çayşanxar 3479 kilometrlik sərhəddə görülməmiş sayda hərbçinin yerləşdiriləcəyini açıqlayıb.

“Bu gün Çin sərhədində çoxlu sayda Hindistan hərbçisi yerləşdirilir. Bunun səbəbi Çinin 2020-ci ildən etibarən qoşunlarının sayını artırmasıdır”, - nazir bildirib.

Çin və Hindistan arasında mübahisə 2020-ci ildən yenidən qızışıb. 2020-ci ilin iyununda baş verən qarşıdurma zamanı 20-dən çox Hindistan hərbçisi döyülərək öldürülüb.

Mübahisə Faktiki Nəzarət Xətti (LAC) adlanan sərhəd ərazilərində baş verir. LAC Hindistanın nəzarətində olan əraziləri Çinin nəzarətində olan bölgələrdən ayırmaq üçün istifadə olunur.

LAC Şərq (Arunaçal Pradeş və Sıqqım), Mərkəzi (Uttaraxhand və Himaçal Pradeş) və Qərb (Ladax) olmaqla üç yerə bölünür.

Çin və Hindistan arasında LAC mübahisəsi uzun illərdir davam edir. Hindistana görə, LAC 3488 km uzunluğundadır. Çinə görə, bu, təxminən 2 min km-dir.

Münaqişələrin daşla, dəyənək və digər soyuq silahlarla aparılmasının səbəbi var. 1996-cı ildə dövlətlər arasında imzalanmış müqaviləyə əsasən, Himalay və Sıqqım sərhədlərində Hindistan və Çin hərbçilərinə odlu silahdan istifadə etmək qadağandır.


Müəllif: Mənsur Rəğbətoğlu