“Rusiya il ərzində bütün diqqətini Donetsk və Luqansk vilayətlərinin tam işğalına yönəldəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib.
Onun sözlərinə görə, Ukrayna yaya qədər Krımı azad etmək üçün hər şeyi etməlidir. Eyni zamanda o, Krımın qaytarılmasının Rusiyanı nüvə silahından istifadəyə təhrik edəcəyini mümkünsüz sayıb:
“Bu, doğru deyil və Krım bizə qayıdacaq. Hər şey 2014-cü ildə Krımda başladı, hər şey orada bitəcək. Rusiya çox şey gözləyə biləcəyiniz bir ölkədir, amma axmaq da deyil. Bu, baş verməyəcək. Nüvə hücumu təkcə Rusiyanın hərbi məğlubiyyətinə deyil, həm də onun süqutuna gətirib çıxaracaq. Bunu çox yaxşı bilirlər”.
Rusiyanın Belarus ərazisindən hücumunu bərpa edib-etməyəcəyinə gəlincə, Budanov belə bir gəlişməni qeyri-mümkün hesab edir. Onun sözlərinə görə, Rusiya sadəcə Ukrayna qoşunlarının diqqətini yayındırmaq cəhdlərini davam etdirir.
Budanov Ukraynanın Rusiyaya qalib gələcəyini də söyləyib: “Sonra nə olacaq? Ukraynanın qələbəsi. Mən yeni heç nə demirəm”.