Çin Qərb ölkələrində, o cümlədən ABŞ-da kəşfiyyat işlərini genişləndirmək siyasətindən imtina etməyib. Çin uzun illər Qərb ölkələrindən texnologiyaların oğurluğu ilə məşğul olub. Pekin ABŞ-da yaşayan çinliləri tərəfdaşlığa sövq edərək, Amerikadakı müəssisələrdən texnologiyalar oğurlayıb. ABŞ-da bu oğurluqlarla bağlı yüzlərlə həbs həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertləri bildirirlər ki, bu həbslərə baxmayaraq, Pekin ABŞ-da texnologiya oğurluğu və kəşfiyyat məlumatları əldə etmək siyasətini davam etdirir:
“Havaya buraxılan şar – aerostat buna nümunədir. Çinə aid şar ABŞ-ın hava məkanına daxil olaraq kəşfiyyat məlumatları toplamalıydı. Aerostatda kəşfiyyat cihazları olub.
Pekin aerostatın Çinə məxsus olduğunu inkar etməyib. Ancaq Pekin belə bir açıqlama da verib ki, guya həmin aerostat kəşfiyyat deyil, “mülki məqsədlər” üçün nəzərdə tutulub və təsadüfən Amerika səmasına keçib. Buna kimsə inanmadı. Çünki Pekinin “mülki məqsədli” adlandırdığı aerostat fevralın əvvəlində ABŞ-ın hərbi hava qüvvələrinin bazası və nüvə raket silolarının yerləşdiyi Montana ştatı üzərində aşkarlanıb. Vaşinqton aerostanın Amerikanın strateji obyektlərinə nəzarətlə məşğul olduğunu bildirib.
Amerika qırıcı təyyarəsi aerostatı fevralın 4-də Atlantik okeanı üzərində, sahildən bir neçə on kilometr aralıda vurub. Pekin Vaşinqtonu məsələyə “qeyri-adekvat reaksiya”da ittiham edib. Bundan sonra Pekin “cavab vermək hüququnu özündə saxladığını” açıqlayıb”.
Cavab necə ola bilər?
Ekspertlərə görə, ABŞ eyni məqsədlərlə Çin səmasına aerostat göndərməyəcək:
“Ancaq mümkündür ki, Çində ABŞ-la əlaqəli olan kimlərisə həbs edib, “kəşfiyyatçı” kimi qələmə versinlər. Son hadisə iki ölkə arasında soyuq olan münasibətləri bir az da gərginləşdirib. Nəticədə ABŞ dövlət katibi Entoni Blinken bu ayın əvvəlində Çinə planlaşdırdığı səfəri təxirə salıb. Halbuki Blinkenin səfəri uzun müddət idi hazırlanırdı. Bu səfərin ardınca ABŞ Prezidenti Co Baydenin də Çin lideri Si Cinpinlə görüşü planlaşdırılırdı”.