12 Fevral 2023 14:32
1 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atam evdə yuxuda infarkt keçirərək vəfat edib. Fevralın 14-də doğulduğu Antalya şəhərində torpağa tapşırılacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Cümhuriyyətçi Xalq Partiyasının keçmiş sədri Dəniz Baykalın qızı Əsli Baykal deyib.

Beyin damarlarında tıxanmaya görə müalicə üçün bir müddət əvvəl Almaniyaya gedən Baykal fevralın 11-də 84 yaşında dünyasını dəyişib.

Dəniz Baykal üçün fevralın 14-də Türkiyə Böyük Millət Məclisində anım mərasimi keçiriləcək. Əhməd Hamdi Akseki məscidində cənazə namazından sonra dövlət qəbiristanlığında dəfn ediləcək.

Dəniz Baykal 1938-ci il iyun ayının 20-də Türkiyənin Antalya şəhərində anadan olub. Atası əslən çərkəz, anası Türkiyədəndir.

1959-cu ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirib, 1963-cü ildə doktorluq işini tamamladıqdan sonra Rokfeller Fondunun təqaüdü ilə ABŞ-a gedib və iki il müddətində Kolumbiya və Berkli universitetlərində təhsilini davam etdirib.

1960-cı ildə Türkiyə Demokrat Partiyasının iqtidarına qarşı baş qaldıran tələbə hərəkatında iştirak etməklə siyasi arenaya qədəm qoyan Baykal 1973-cü ilin oktyabr ayında TBMM-yə keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyasından (CHP) Antalya millət vəkili seçilib.

D.Baykal 1974-cü ildə qurulan Əcəvit hökumətində maliyyə naziri, 1978-ci il Əcəvit hökumətində isə energetika və təbii sərvətlər naziri olub. Bu dövrdə Baykal partiya məclisi və mərkəzi idarəetmə heyətinin üzvü, baş katib köməkçisi kimi vəzifələri də icra edib. Baykal həmin ilin sentyabr ayının 12-də baş verən hərbi çevrilişdən sonra bir müddət Ankarada Ordu Dil Məktəbində nəzarət altında saxlanıb.

1982-ci ildə qəbul edilmiş konstitusiyanın 5 il müddətinə siyasətlə məşğul olmağı qadağan etdiyi siyasətçilər arasında yer alan Baykal 1983-cü ildə siyasi partiyaların qurulmasına icazə verildikdən sonra "siyasətdən uzaqlaşdırılmasına baxmayaraq, fəaliyyətini davam etdirdiyinə" görə bir qrup qabaqcıl CHP-li və AP-li siyasətçilər ilə birlikdə Çanaqqala Zəncirbozan hərbi bazasında ikinci dəfə nəzarət altına alınır.

1992-ci ilin iyul ayında bağladılmış siyasi partiyaların yenidən açılmasına icazəni nəzərdə tutan qanunun verdiyi imkanla 1992-ci il sentyabr ayının 9-da CHP-nin sədri seçilib. 1995-ci ildə formalaşan DYP-CHP koalisiya hökumətində xarici işlər naziri vəzifəsini icra edib.

1995-ci ilin 24 dekabrında növbəti parlament seçkilərində yenə Antalyadan millət vəkili seçilir. Seçkilərdən sonra 53-cü hökumətin qurulması ilə xarici işlər naziri və baş nazirin köməkçisi vəzifəsindən istefa edən Baykal yenidən CHP-nin sədri seçilir.

1999-cu ildə parlament seçkilərində CHP ilk dəfə parlamentdən kənarda qalır. Partiyasının seçkilərdə müvəffəqiyyətsizliyə uğramasından sonra Baykal partiya sədrliyi vəzifəsindən getdiyini bildirir.

2007-ci ildə yenə Baykalın liderliyindəki CHP Türkiyə parlamentinə keçirilən seçkilərdə səslərin 20,8%-ini əldə edərək məclisdə ana müxalifət partiyasına çevrilir.

2010-cu ildə CHP sədrliyindən istefa verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər