ABŞ Konqresinin aşağı palatasının üzvü, Florida ştatından respublikaçı siyasətçi Gaetzin vəkilləri Marc Mukasey və Izabella Kirşner bəyan ediblər ki, Ədliyyə Nazirliyinin apardığı istintaq yekunlaşıb və deputat insan alveri cinayəti üzrə cəza almayacaq.
Teleqraf.com xəbər verir ki, Konqres üzvü Gaetzin ofisindən də oxşar bəyanat verilib.
"Ədliyyə Departamenti Konqresmen Gaetzin vəkillərinə araşdırmalarının yekunlaşdığını və ona qarşı heç bir ittihamın olmadığını təsdiqləyib" - məlumatda bildirilib.
Qeyd edək ki, 2017-ci ildən Nümayəndələr Palatasının üzvü olan Gaetz, 2020-ci ildə 17 yaşlı qızla cinsi əlaqədə olmaq da daxil olmaqla, seks alveri ilə məşğul olaraq federal qanunları pozduğuna görə araşdırılıb.
Prokurorlar sentyabr ayında istintaqdakı şahidlərin "etibarlı" sayıla biləcəyinə dair suallara əsaslanaraq, Gaetzə seks alverində ittiham edilməməyi tövsiyə etmişdilər. Gaetz də ona qarşı irəli sürülən ittihamları rədd edərək, heç bir səhv etmədiyini bildirib.