20 Fevral 2023 22:26
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da baş verən və heç vaxt açıla bilməyən “qırmızı saçlı cinayətlər” dünyanın gündəminə çevrilib.

Teleqraf.com xəbər verir ki, 1980-ci ildə 11 qadının ölümü ilə nəticələnən qətllərin arxasında bir sirr pərdəsi var. Həmin illərdə naməlum ölümlər Tennessi, Arkanzas, Kentukki, Missisipi, Pensilvaniya və Qərbi Virciniyada baş verib. Ölənlərin əksəriyyətinin avtostopçu olduğu bildirilir. Polis qrupları o zaman qatilin yük maşını sürücüsü olduğunu təxmin edib.

İlk öldürülən qadın 13 fevral 1983-cü ildə ABŞ-ın Qərbi Virciniya ştatında 250 nömrəli marşrutun yaxınlığında çılpaq halda tapılıb, qırmızı saçlı olub. Araşdırmalar nəticəsində qadının boğularaq öldürüldüyü müəyyən edilib.

Bir il sonra, 1984-cü ildə 28 yaşlı Liza Nikolsun cəsədi tapılıb. Vest Memphisdə qadının yarılma araşdırmaları onun yenidən boğulduğunu ortaya çıxarıb. Dünyasını dəyişən Liza, keçən il ölən naməlum qadın kimi qırmızı saçlı olub. Polislər Lizanın avtostopçu olduğunu düşünürdülər.

1985-ci ilə qədər Tennessi ştatının Kempbell dairəsində daha iki naməlum qadın cəsədi tapılır. Qurbanların ortaq cəhəti bu dəfə də onların qırmızı saçlı olması idi. Bu qətldən sonra bir şübhəli tutulub, lakin kifayət qədər dəlil olmadığı üçün sərbəst buraxılıb.

Elə həmin il də qətllər davam edib. Tennessidə yenidən qırmızı saçlı bir qadının cəsədi tapılıb, 1985-ci ilin aprelində qruplar tərəfindən 2 qırmızı saçlı qadının parçalanmış cəsədləri soyuducuda çıxarılıb. May ayında yol kənarında iki qadının meyiti tapılıb, lakin onların kimliyini müəyyən etmək mümkün olmayıb.

Tennessi Təhqiqat Bürosunun direktor müavini Stiv Uotson açıqlamasında etiraf edib ki, qadınların ölümləri ilə bağlı müxtəlif vəziyyətlər qatili tapmağı çətinləşdirib. Qadınların bəziləri paltarlı şəkildə öldürüldüyü halda bəzilərinin cəsədi çılpaq olub. Bir qrup qurban isə boğularaq öldürülüb.

Naməlum qadınlar kimsəsizlər qəbiristanlığında dəfn edilib. Qətllərin üstündən 43 il keçsə də dəhşətli cinayəti törədən qatil hələ də tapılmayıb.


Müəllif: Nemət