22 Fevral 2023 14:17
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Çini narahat etməyə başlayıb. Pekin Moskva ilə Kiyev arasında dialoqu bərpa etməyə çağırıb. Bu haqda Çinin BMT-dəki təmsilçisinin müavini Day Bin açıqlama verib. Çinli diplomat tərəfləri danışıqlara başlamaq üçün səmimi olmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilir.

Mərkəzin ekspertlərinin fikrincə, rəsmi Pekinin narahatlığı anlaşılandır:

“Çin neytral qaldığını bəyan etsə də, Pekinin Kremllə yaxınlığı Qərbdə ciddi suallar yaradır. Amerikalı və avropalı diplomatlar çinli həmkarlarını xəbərdar ediblər ki, Pekin Rusiyaya hərbi texnika göndərsə, Çinə qarşı sanksiyalar qəbul olunacaq. Pekin Tehrandan fərqli olaraq Rusiyaya hələ ki, hərbi texnika verməyib. Buna baxmayaraq, Moskva Pekindən silah və hərbi texnika istəyib.

Pekin Rusiya ilə strateji tərəfdaşlığı davam etdirməklə yanaşı, Qərblə də münasibətləri davam etdirmək niyyətindədir. Ona görə də Pekin Ukraynada müharibənin qısa müddətdə bitməsini və ya danışıqlar yoluyla dayandırılmasını istəyir. Pekin Moskva və Kiyevə təkliflərini göndərib. Aydındır ki, tərəflər Pekinin təklifini qəbul etməyəcəklər. Rusiya işğalı rəsmiləşdirməyə çalışır. Ukrayna buna razılaşmayacaq”.

Təhlildə qeyd olunur ki, Pekini narahat edən məsələlərdən biri də müharibənin atom elektrik stansiyalarına yaxın ərazilərdə davam etməsidir:

“Çin humanitar böhranın yaranmasından narahatdır. Pekin Ukraynada Zaporoje atom elektrik stansiyasının təhlükəsizliyinin artırılmasını tələb edib və bununla bağlı AEBA-nın təşəbbüslərini dəstəkləyir. Pekin eyni zamanda əvəlkitək Qərbin Rusiyaya qarşı sanksiyalarını tənqid edir. Pekinin fikrincə, sanksiyalar böhranın daha da dərinləşməsinə şərait yaradır.

Beləliklə, Pekin müharibəyə görə hamını, o cümlədən Rusiyanı da tənqid edib. Bu tənqid Pekinə ona görə lazımdır ki, ABŞ-ın Çinə qarşı siyasəti sərtləşməsin. Buna baxmayaraq, “Wall Street Journal” dərgisində yayımlanan məqalədə, Çinin Rusiya ilə ticarət əlaqələrini artırdığı yazılıb. Bu o deməkdir ki, əslində Çin müharibədən yararlanaraq Rusiya ilə ticarət əlaqələrinin artmasından qazanc əldə edir. Çin Rusiya hərbi-sənaye kompleksi ilə də əməkdaşlığı genişləndirib. Bu arada, Rusiyanın Çinin Xarbin şəhərində yeni konsulluğu açılıb”.


Müəllif: Mənsur Rəğbətoğlu