Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli ilə görüşü zamanı krallığın Baş naziri Rişi Sunakı ölkəsinə səfərə dəvət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Söhbət zamanı Kasım-Jomart Tokayev Baş nazir Rişi Sunaka səmimi salamlarını və xoş arzularını çatdırıb. O, həmçinin Böyük Britaniya hökumətinin başçısını onun üçün əlverişli olan istənilən vaxt ölkəmizə səfərə dəvət edib ki, bu da ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair bir sıra konkret məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacaq”, - məlumatda deyilir.
Görüş zamanı tərəflər siyasi, ticarət-iqtisadi, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər.
Kleverli də Astana və London arasında əlaqələrin müsbət dinamikasından danışıb. Onun sözlərinə görə, Britaniya Qazaxıstanda aparılan siyasi islahatları müsbət qiymətləndirir. Kleverli Qazaxıstanı “Britaniyanın Mərkəzi Asiyadakı əsas ticarət tərəfdaşı” adlandırıb.
Britaniya xarici işlər naziri martın 19-da Qazaxıstanda keçiriləcək erkən parlament seçkilərindən əvvəl Gürcüstandan rəsmi səfərlə Astanaya gəlib.