Türkiyənin ən böyük şəhəri İstanbulun zəlzələyə hazır olub-olmadığını müzakirə edən ABŞ-ın “CNN International” kanalı “İstanbulda ağlasığmaz dərəcədə böyük zəlzələ yaxınlaşır” adlı material yayımlayıb.
Teleqraf.com xəbər verir ki, İstanbulun iki fay xətti ətrafında yerləşdiyini vurğulayan Amerika kanalı bunun şəhərin zəlzələyə hazır olub-olmaması ilə bağlı narahatlıq doğuran geoloji reallıq olduğunu bildirib.
CNN-ə danışan professor Cəlal Şəngör deyib:
“İstanbula baxış o qədər də parlaq deyil. Heç parlaq deyil. Yaxın iyirmi ildə İstanbulda güclü zəlzələ olmasa, hamımız çox təəccüblənərik. Bu qədər yaxındır. Bu sadəcə bir ehtimaldır, amma yüksək ehtimaldır”.
Mümkün zəlzələnin 7.2-7.8 bal gücündə olacağının ehtimal edildiyini vurğulayan CNN mütəxəssislərin bu böyüklükdə təbii fəlakətin Türkiyənin ticarət və sənaye mərkəzi üçün dağıdıcı nəticələrə səbəb ola biləcəyini proqnozlaşdırdıqlarını qeyd edib.
Mümkün can itkisinə diqqət çəkilən materialda bu ifadələr yer alıb:
“Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırmaları İnstitutunun proqnozlarına görə, İstanbulda gecə saatlarında baş verəcək 7.5 bal gücündə zəlzələdə ölənlərin sayı 14 mini keçəcək. Amma bəzi ekspertlər bu rəqəmin daha çox olacağına inanırlar”.
Şəngörün 100 min ölümün ola biləcəyini dediyini yazan CNN mütəxəssisin bu sözlərindən sitat gətirib:
“Siz təkcə zəlzələnin birbaşa təsirlərini düşünməyin, həm də bundan sonra nələrin baş verəcəyini də düşünməlisiniz. Talanlar, yanğınlar, epidemiyalar olacaq. Dəhşətli olacaq”.
CNN İstanbul Böyükşəhər Bələdiyyəsinin 7.5 bal gücündə bir zəlzələnin şəhərdə təxminən 90 min binanın dağılmasına səbəb ola biləcəyini və 260 min binanın ciddi şəkildə zədələnə biləcəyini açıqladığını da bildirib. Şəhər rəsmilərinin sözlərinə görə, bu, İstanbul əhalisinin dörddə birindən çox olan 4.5 milyon insanı evsiz qoya biləcək ciddi təxmindir.