"ABŞ Türkiyədəki seçki prosesinə açıq şəkildə müdaxilə edir və bunu yalnız bir səbəbdən edir. Türkiyənin güclü və müstəqil lideri kimi Ərdoğan, şübhəsiz ki, Vaşinqtondakı elitaların maraqlarına uyğun deyil".
Teleqraf.com xəbər verir ki, bunu "Sputnik Türkiyə"yə Rusiya Baş Qərargahının istefada olan polkovniki, hərbi ekspert İqor Korotçenko deyib.
Ekspert bu səbəbdən Ərdoğanın ABŞ-ın Türkiyədəki səfirinə təpkisinin haqlı olduğunu və Türkiyənin suverenliyini göstərdiyini söyləyib:
"Ərdoğanın açıqlamaları təkcə seçki kampaniyası ilə bağlı deyil. Türkiyənin hazırkı prezidenti ABŞ səfirinə xəbərdarlıq etmək istəyib ki, ölkəsinin daxili işlərinə qarışmaq yolverilməzdir. Əlbəttə, belə bir güclü siqnal Türkiyənin müstəqil, suveren bir ölkə olduğu mesajını verir ki, heç kimin seçki prosesinə qarışmasına imkan verməyəcək. Ərdoğan da bunu kifayət qədər açıq və sərt şəkildə ifadə etdi".
Korotçenko ABŞ-ın bununla kifayətlənməyəcəyini və Türkiyədəki duruma təsir etmək üçün səylərini davam etdirəcəyini bildirib:
"Hər kəs çox yaxşı bilir ki, ABŞ səfirliyinin çətiri altında təkcə diplomatlar deyil, həm də Türkiyədə siyasi duruma təsir etmək istəyənlər də daxil müxtəlif əməliyyatlar həyata keçirən Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) şəbəkəsi fəaliyyət göstərir. Görünən odur ki, Ərdoğanın qələbəsini əngəlləmək üçün dezinformasiyalar, informasiya təxribatları və sosial şəbəkələr vasitəsilə təsir cəhdləri bundan sonra da davam edəcək.
Türkiyə liderinin şanslarını azaltmaq üçün ABŞ həm klassik agentlərindən, həm də ona qarşı olanlardan istifadə edərək onları konsolidasiya edəcək, pul verəcək, kommunikasiya kanalları yaradacaq, ən əsası isə mediada və siyasi arenada Ərdoğan əleyhinə kampaniyaya start verəcək".
Korotçenko bu şərtlər daxilində Türkiyədəki bütün ağıllı siyasi qüvvələrin Prezident Ərdoğanın ətrafında birləşəcəyini proqnozlaşdırıb:
"Türkiyə xalqı çox yaxşı başa düşür ki, ABŞ Türkiyənin düşmənidir. ABŞ dövlət çevrilişini şəxsən maliyyələşdirib və bu prosesin təşkilatçılarının arxasında dayanıb. Türkiyə ABŞ-a arxa çevirən kimi kürəyinə bıçaq saplanacaq. Ona görə də indi bütün ağlı başında olan siyasi qüvvələr Ərdoğanın ətrafında birləşərək seçkilərdə ona dəstək verirlər".