5 May 2023 10:55
3 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Rusiya müəyyən əraziləri işğal etsə də, müharibəni uduzmuş vəziyyətdədir. Cənubi Qafqazda sıxışdırılmasının da kökü məhz Ukraynadakı məğlubiyyətidir”.

Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyyət” qəzetinin baş redaktoru, siyasi ekspert Rəfail Becanov deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna müharibəsi ilə özünü dünyadan təcrid etməklə yanaşı, beynəlxalq aləmdə hərbi-siyasi nüfuzunu da itirib:

“Tərəfdaşları belə Rusiyadan üz döndərir. Çin BMT-də onu təcavüzkar dövlət kimi tanıyır, Cənubi Afrika Respublikası Rusiya prezidentinə bu ölkədə keçiriləcək beynəlxalq tədbirə gələcəyi təqdirdə həbs etməkdən başqa çıxış yolu olmadıqlarını deyir. Bütün bunlar Rusiyanın real durumunu göstərən faktlardır.

Rusiyanın müharibə hesabı səhv idi. Ukraynanı beş günə işğal edəcəklərini, daha sonra isə sovetlərin bir az fərqli formada bərpası prosesinə başlayacaqlarını düşünürdülər. Buna nail olmaq isə ordunun gücü ilə bağlı məsələydi. Rusiya və dünyada rus ordusu mifləşdirilmişdi. Müharibə sübut etdi ki, Rusiya ordusu deyilən qədər güclü deyil. Korrupsiya və intizamsızlıq Rusiya ordusunda o qədər dərin kök salıb ki, onu uzun illər düzəltmək mümkün deyil.

Rusiyadan fərqli olaraq Qərb hesabı düzgün aparmışdı. Yəni kəşfiyyat məlumatları dəqiq idi. Ona görə də Ukraynanın işğalına imkan vermədilər. Qərb bir müddət müqavimət olsa, Rusiya ordusunun zəifləyəcəyini və real gücünün ortaya çıxacağını bilirdi, elə də oldu. Əsl reallığı görən Qərb Ukraynaya daha çox dəstək verməyə başladı. Rusiya müharibədə gözləmədiyi yox, heç düşünmədiyi situasiya ilə qarşılaşdı”.

Rəfail Becanov qeyd edib ki, bu gün Rusiya müəyyən əraziləri işğal etsə də, müharibəni uduzmuş vəziyyətdədir:

“Cənubi Qafqazda sıxışdırılmasının kökü məhz Ukrayna məğlubiyyətidir. Bir anlıq Ukraynada qalib gələn Rusiyanın indi bizimlə, Gürcüstanla, Qərbin özü ilə hansı dildə və tonda danışdığını təsəvvür edək. Ermənistan üçün fərqi yoxdur, o, həmişə Rusiyadan asılı olub. Bir sözlə, Rusiya Ukraynada qalib gəlsəydi, nəinki Cənubi Qafqaza, yenidən Şərqi Avropaya da iddia edəcəkdi.

Rusiya hazırda ötən əsrin 90-cı illərindən sonrakı ən zəif dövrünü yaşayır. Rusiya Ukrayna ilə sərhəd ərazilərini belə tam nəzarətdə saxlaya bilmir. Bir müddətdən sonra hərbi qarşıdurma Rusiyanın daxilinə də keçə bilər. Bu isə Rusiyada SSRİ-nin dağılmasını şərtləndirən oxşar yeni bir demokratik hərəkatın başlanğıcı deməkdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər