Yanvarda Türkiyənin İsveçdəki səfirliyi önündə Quranı yandıran danimarkalı irqçi siyasətçi Rasmus Paludana haqqında Malmö Prokurorluğu tərəfindən qiyabi həbs qərarı verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” qəzeti məlumat yayıb.
Qərar müxtəlif şəxs və qurumların nifrət cinayəti iddiası qaldırmasından sonra verilib.
Qəzetə açıqlama verən Paludan deyib: “İsveç, xüsusilə Malmö polisi məni qorumaq istəmir, ona görə də İsveçə gəlmək mənim üçün təhlükəlidir və İsveçə gəlmək istəmirəm, onlayn ifadə vermək istəyirəm”.
Paludan haqqında qiyabi həbs qərarı çıxaran prokuror Adrian Kombe Hoqq “Aftonbladet”ə mövzu ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.
İstanbul Vəkillər Kollegiyası yanvarda Türkiyə səfirliyi qarşısındakı təxribatdan sonra Paludan barəsində cinayət işinin açılması üçün Stokholm polisinə müraciət etmişdi.