Serbiya Prezidenti Aleksandr Vuçiç hökumətə ölkədə ölüm hökmünün geri qaytarılmasını təklif edib.
Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Vuçiç özü danışıb.
Buna baxmayaraq, Serbiyanın Nazirlər Kabineti beynəlxalq normalarla əlaqədar olaraq bu təklifi qəbul etməyib.
“Bu gün səhər hökumət rəhbəri Ana Brnabiçə ölkədə ölüm hökmünün geri qaytarılmasını təklif etdim, lakin o və hökumət buna qarşıdırlar. Çünki bunu etsək Belarusla birlikdə Avropada ölüm hökmü mövcud olan ikinci ölkə olardıq. Biz isə bir sıra konvensiyalara görə bunu edə bilmərik. Əvvəllər ölüm cəzasına qarşı idim və belə bir siyasi mövqeyim olduğuna görə indi təəssüf hissi keçirirəm”, - deyə Vuçiç qeyd edib.
Xatırladaq ki, bu gün 21 yaşlı gənc ölkənin Mladenovaç bölgəsində silahlı insident törədib. Hadisə nəticəsində 8 nəfər həlak olub, daha 13 nəfər isə yaralanıb. Polis hadisəni törədən şəxsi saxlayıb. Serbiyanın XİN rəhbəri insidenti terror aktı adlandırıb. Bununla yanaşı, mayın 3-ü Serbiyada məktəbdə 7-ci sinif şagirdi tərəfindən silahlı hücum törədilib. Bu zaman 9 nəfər həlak olub, daha 7 nəfər isə yaralanıb.