İran Rusiyaya silah tədarükü üçün birbaşa marşrutdan istifadə edir, Qərb dövlətləri buna qarşı heç nə edə bilmirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Tehrandan Moskvaya hərbi yüklər əsasən Xəzər dənizi vasitəsilə daşınır. Bu marşrut Rusiyanın Ukraynadakı müharibə üçün aldığı pilotsuz təyyarələr, sursatlar və minaatanların daşınması üçün istifadə olunur.
Rusiya və İranın yükləri daşıyan gəmiləri radarlardan gizlətməyə çalışdığı bildirilir.
Keçən il “Lloyd's List Intelligence” Xəzərdə gəmilərin izlənilməsi ilə bağlı məlumatlarda boşluqların sayında sentyabrda artım olduğunu aşkar edib. CNN qeyd edir ki, bu, Tehranın Moskvaya PUA satmaqda ittiham edilməsindən az sonra baş verib. Rusiya ötən ilin payızından Ukrayna ərazisində İran dronlarından daha çox istifadə etməyə başlayıb.
Amerikalı analitiklər hesab edirlər ki, Ukraynanın Qərbdəki müttəfiqlərinin bunun qarşısını almaq imkanları məhduddur. EOS Risk Qrupunun analitiki Martin Kelli deyib: “İranın Xəzər dənizində həmsərhəd ölkələr üzərindən ixracı üçün heç bir risk yoxdur, onların bu cür mübadilələrə mane olmaq üçün nə imkanları, nə də motivləri var”.
İran ötən ilin yayından Rusiyaya “Şahid” və “Mühacir” PUA-ları satmaqda ittiham olunur. Rusiya hərbçiləri bunlardan Ukrayna şəhərlərinə və ölkənin kritik infrastrukturuna hücumlar üçün fəal şəkildə istifadə edirlər.