Rusiyada Vladimir Putin rejimini devirmək istəyən “Azad Rusiya” Legionu Moskvaya hücum məqsədilə minlərlə könüllü rusiyalını öz sıralarına cəlb etməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” qəzetinə legionun Sezar ləqəbli döyüşçüsü danışıb.
Onun sözlərinə görə, bölmələrin sayı Moskvaya hücum üçün kifayət edənə qədər Rusiya daxilində əməliyyatlara davam edəcəklər.
“Ciddi imkanlarımız: minaatanlarımız, zirehli texnikamız, “Stinger” sistemlərimiz, tank əleyhinə komplekslərimiz və çox effektli kəşfiyyat vasitələrimiz var”, - Sezar bildirib.
O qeyd edib ki, hazırda “Azad Rusiya” Legionunda 500-dən 1000-ə qədər döyüşçü var:
“Biz cinayətkar və “Vaqner” kimi özəl hərbi şirkət deyilik. Hamımız Rusiya Federasiyasının vətəndaşlarıyıq. Bəzilərimiz əvvəllər Silahlı Qüvvələrdə xidmət edib”.
Sezar legionun əsas məqsədinin Ukraynanı qorumaq, onun ərazilərini azad etmək və Putin rejimini devirmək olduğunu deyib.
Mayın 22-də “Rusiya Könüllülər” Korpusu və “Azad Rusiya” Legionunun döyüşçüləri ilk dəfə olaraq Rusiya sərhədini keçərək Belqorod vilayətinin Qrayvoron rayonuna daxil olublar. Döyüşçülər müraciətlərində bildiriblər ki, iki ölkə arasında hərbisizləşdirilmiş zona yaratmaq və həmvətənlərinə Putin rejiminə qarşı mübarizənin mümkünlüyünü göstərmək istəyirlər.
Ötən gün “Rusiya Könüllülər” Korpusunun döyüşçüləri növbəti dəfə Rusiya sərhədini keçdiklərini açıqlayıblar.