1 İyun 2023 10:17
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya kəşfiyyatı Şimali Koreya lideri Kim Çen Inın yuxu pozğunluğundan əziyyət çəkdiyini, alkoqol və siqaret asılılığının səhhətini daha da pisləşdirdiyini iddia edir. Cənubi Koreya Milli Kəşfiyyat Xidməti bildirib ki, Şimali Koreyanın aidiyyəti qurumları intensiv şəkildə yuxusuzluqla əlaqəli kənardan tibbi məlumatlar toplayır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” Agentliyi məlumat yayıb.

Cənubi Koreya parlamentinin Kəşfiyyat Komitəsinin katibi Yu Sanq-bom jurnalistlərə deyib ki, Şimali Koreya bu yaxınlarda “Marlboro” və “Dunhill” kimi markalardan çoxlu sayda xarici siqaret, eləcə də yüksək keyfiyyətli spirtli içkilər idxal edib. O, əlavə edib ki, Kim Çen Inın süni intellektlə təhlili onun təxminən 140 kq ağırlığında olduğunu göstərir.

Bu arada, koreyalıların durumu artan ərzaq qıtlığı və taxıl qiymətlərinin Kim Çen Inın hakimiyyətə gəlişindən bəri ən yüksək səviyyəyə qalxması ilə pisləşib. Sanq-bomun iddiasına görə, cinayətlərin, intiharların və aclıqdan ölənlərin də sayı artıb.

Hələ 2021-ci ilin yayında Kim Çen In arıqladıqdan sonra Şimali Koreya əhalisinə onun xarici görünüşünü müzakirə etmək qadağan edilib. Həmin ilin payızında Şimali Koreya diktatorunun son iki il ərzində 20 kiloqram arıqlaması ilə bağlı məlumat yayılıb. O zaman Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın səhhətində problem olmadığını iddia edib. Seul hesab edirdi ki, kommunist rejimi Şimali Koreya lideri üçün yeni imic yaratmağa çalışır.

2021-ci ilin sonuna doğru Kim Çen Inın sürətlə arıqlamağa davam etdiyi diqqət çəkib. Diktatorda baş verən dəyişiklikləri yerli hakimiyyət orqanları və kütləvi informasiya vasitələri “ölkə rəhbərinin zəhmətkeşliyinin nəticəsi” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər