“Yemenia Airways” 2016-cı ildən bəri ilk dəfə Yəmənin husilərin nəzarətində olan paytaxtından Səudiyyə Ərəbistanına uçuş həyata keçirib.
Teleqraf.com xəbər verir ki, göyərtəsində 277 sərnişin olan təyyarə şənbə günü axşam Sənadan havaya qalxıb. Sərnişinlər Həcc ziyarətinə yollanmaq üçün Məkkəyə üz tutublar.
Uçuş Yəməndə şiələr və sünnilər arasında uzun illər davam edən qarşıdurmanın səngiməsinin əlaməti kimi qiymətləndirilib.
Husilərin sözçüsü (əmək naziri) Qalib Mutlak həcc ziyarətinə getmək istəyən 24 min nəfəri göndərmək üçün təxminən 200 uçuş tələb olunacağını söyləyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən Yəmən üzərində uçuşa qadağa zonası yaradıldıqdan sonra Səna hava limanı mülki təyyarələrə xidmət göstərməyi dayandırıb. O, bəzən evakuasiya uçuşları təşkil etmək, humanitar təyyarələrə xidmət göstərmək üçün istifadə olunub.