Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçi kimi danışıqlar aparması ilk dəfə deyil, onun "Vaqner"lə münaqişənin həllində rolunu şişirtmək olmaz.
Teleqraf.com "Qazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Dmitri Ofitserov-Belski deyib.
Onun sözlərinə görə, bu, Lukaşenko üçün yeni rol deyil və o, həmişə sabitləşdirici qüvvə kimi çıxış edib.
"Əgər hardasa münaqişə yaranarsa, Lukaşenko sabitliyin tərəfini tutmağa çalışır. Bu işdə onun rolu kifayət qədər əhəmiyyətlidir, amma mən də onu hədsiz dərəcədə şişirtməzdim. Bu, Rusiyanın daxili işidir və ilk növbədə, məsələ Rusiyanın səyi ilə həll olunub. Bu mürəkkəb bir proses idi, burada çox zəruri və çox vacib olan Aleksandr Qriqoryeviçin rolunu da şişirtməyəcəyik" - deyə Belski bildirib.
Xatırladaq ki, Vaqner PMC qüvvələri iyunun 24-də Rostov-na-Donuda inzibati binaları bağladıqdan və Moskvaya doğru hərəkət etməyə başlayandan sonra Belarus prezidentinin mətbuat xidməti Aleksandr Lukaşenko ilə PMC-nin təsisçisi arasında aparılan danışıqlar barədə məlumat yayıb. Nəticədə tərəflər razılığa gələ biliblər.