7 İyul 2023 12:05
3 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasının iclasında İranın dron proqramının genişləndirilməsindən narahatlıqlarını bildirərək, bu mövzuda pozuntuların araşdırılmasını tələb ediblər.

Teleqraf.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı və bu ölkəyə qarşı qəbul edilmiş 2231 saylı qətnamənin icrası ilə bağlı iclas keçirib.

Toplantıda BMT baş katibinin siyasi müavini qətnamənin icrası ilə bağlı son hesabatını təqdim edib. Yeni hesabata görə, İranla nüvə anlaşması dalana dirənib və bunun tam icrasına qayıtmaq perspektivi məhduddur.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild hesabatı “natamam” adlandırıb, bildirib ki, sənəddə İranın dron proqramı ilə bağlı pozuntuları tam nəzərə alınmayıb. Qrinfild onu da qeyd edib ki, BMT baş katibi Ukrayna və digər ölkələrin bu pozuntularla bağlı sübutların nəzərdən keçirilməsi tələbini qəbul etməyib və bu, bağışlanmaz çatışmazlıqdır.

Amerika rəsmisi Rusiyanın Ukraynaya qarşı müharibədə İran PUA-larından istifadə etməsindən narahat olduğunu deyib: “Rusiya gələn ilin əvvəlinə qədər istifadəyə veriləcək pilotsuz təyyarə zavodunun tikintisi üçün İrandan lazımi materialları alacaq”.

Qrinfild xəbərdarlıq edib ki, bu zavod hazır olsa, Rusiyanın Ukraynanın infrastrukturunu sıradan çıxarmaq imkanları xeyli artacaq.

“İranın pilotsuz təyyarələrinin inkişafı qlobal təhlükəsizliyə təhdiddir və bunun nəticələri təkcə Ukrayna və Yaxın Şərqlə məhdudlaşmır. BMT baş katibinin müavinindən xahiş edirik ki, Ukraynada İran pilotsuz təyyarələrinin qalıqlarının araşdırılması ilə bağlı yaxın 30 gün ərzində Təhlükəsizlik Şurasına hesabat versin”, - diplomat əlavə edib.

Böyük Britaniya, Fransa və Almaniya da təcili olaraq İrana qarşı təzyiqlərin artırılmasını istəyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər