İranda İnsan Haqları Fəalları (HRAI) təşkilatının cümə axşamı verdiyi məlumata görə, Tehranda bir qadını şəhər müşahidə kamerası vasitəsilə izlədikdən sonra saxlayıblar və cinayət məhkəməsi onu hicab qaydalarını pozduğuna görə həbs cəzasına məhkum edib.
Teleqraf.com xəbər verir ki, hüquq müdafiəçiləri bildiriblər ki, Tehran Cinayət Məhkəməsinin 1088 saylı şöbəsi adı açıqlanmayan qadını məcburi hicab qanunlarını pozmaqda ittiham edib.
Onun potensial “İran əleyhinə davranışı”nı əsas gətirərək, məhkəmə iki il səyahət qadağası və iki aylıq həbs cəzası hökmü çıxarıb.
HRAI-nın əldə etdiyi məhkəmə qətnaməsində göstərilib ki, hakim Əli Umudi iddiaları dəstəkləmək üçün sübut kimi ictimai “ağıllı” təhlükəsizlik kameralarından istifadəyə istinad edib. Bundan başqa, hakim məhkum olunan qadına əlavə olaraq psixi sağlamlıq müayinəsi də təyin edib.
Bu məhkəmə prosesi İranda qadınlara qarşı dəlil qismində müşahidə kameralarından istifadənin ilk nümunəsidir. HRAI-nın bəyanatında deyilir: “Hicab taxmaqdan imtinanı cinayət hesab etmək qadınların və qızların ifadə azadlığı hüququnun pozulmasıdır. Bu addım ciddi narahatlıq doğurur və geniş şəkildə qınanılmalıdır”.