Ukrayna müdafiə qüvvələri Melitopol və Berdyan istiqamətlərində əks-hücum əməliyyatı keçirir. Ukraynalı hərbçilər rusların irəliləmək cəhdlərinin qarşısını israrla alırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya qoşunları əsas səyləri ağır döyüşlərin davam etdiyi Kupyan, Liman, Baxmut, Avdiv və Marin istiqamətlərinə yönəldib. Son sutka ərzində bu ərazilərdə 32 toqquşma baş verib.
Ukrayna ordusu Kupyan istiqamətində müdafiəni saxlayır. Liman, Avdiv və Marin istiqamətlərində rusların hücumlarının qarşısı alınıb.
Baxmut istiqamətində Berxovkada Rusiyanın bütün hücumları uğurla dəf edilib. Şaxtyor istiqamətində Novomixaylivkaya hücum da nəticəsiz bitib.
Ruslar Zaporoje və Xersonda Ukrayna qoşunlarının irəliləməsinin qarşısını almağa çalışırlar. Eyni zamanda, Ukrayna müdafiə qüvvələri Melitopol və Berdyan istiqamətlərində hücum əməliyyatı keçirir, ələ keçirilən mövqelərdə möhkəmlənir.
Bundan əlavə, Ukrayna aviasiyası Rusiyanın şəxsi heyətinin cəmləşdiyi ərazilərə 13, zenit-raket kompleksinə isə 1 zərbə endirib. Raket qoşunlarının və artilleriya bölmələri atəş mövqelərində olan 9 artilleriya sistemini vurub.
Baş Qərargah qeyd edib ki, Rusiya ötən gün ərzində Ukrayna ərazisinə 17 İran dronu (“Şahid”) atıb. Bunlardan 16-sı vurulub.