“İranın müfafizəkar dairələri “xarici qüvvələr”in gələn ilin martında ölkədə xaos yarada biləcəklərindən ehtiyatlanırlar”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert İranın ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:
“İranda avqustun 7-də parlament seçkilərinə namizədlərin ilkin qeydiyyatı başlayıb. Qonşu ölkədə parlament seçkiləri gələn ilin martın 1-də keçiriləcək. Ötən seçkilər 2020-ci ildə keçirilmişdi.
Son seçkilər şərti islahatçılar kimi qəbul edilən namizədlərin böyük əksəriyyətinin qeydə alınmaması ilə yadda qalmışdı, təxminən 7 min namizəd kənarda qaldı, qeydə alınanların mütləq əksəriyyəti isə mühafizəkar idi. İran hakimiyyəti yenə eynisini etsə, növbəti dəfə vəziyyətin gərginləşməsinə səbəb olacaq, etirazlar və küçə yürüşləri başlayacaq. Ona görə də namizədliklərin irəli sürülməsi işin yarısı da deyil, 12 nəfərlik Müşahidə Şurası onları bir-bir yoxlayacaq və namizədlərin çox az hissəsini qeydiyyata alacaq.
İranın müfafizəkar dairələri “xarici qüvvələr”in gələn ilin martında ölkədə xaos yarada biləcəklərindən ehtiyatlanırlar. 2020-ci ildə İran əhalisinin cəmi 40 faizi səsvermə hüququndan istifadə etmişdi. “İslahatçılar”ın namizədlikləri qeydə alınmasa, bu dəfə də seçki fəallığı az olacaq. Xaos olmasın deyə namizədliyini irəli sürənlərin böyük əksəriyyətinin qeydiyyatı məntiqi olardı, ancaq mühafizəkar dairələr parlamenti də nəzarətdə saxlamaq istədiklərindən qarşıdurma variantını seçəcəklər”.