8 Avqust 2023 21:19
2 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili fransalı həmkarı Nikola Sarkozinin 2008-ci ildə imzalamaq üçün Tiflisə gətirdiyi atəşkəs sazişi üzrə danışıqların təfərrüatlarından bəhs edib.

Teleqraf.com xəbər verir ki, eks-prezident buna görə hədələndiyini deyib.

“Mənə dedi ki, imzalamasam, ruslar sabah Tiflisdə olacaqlar, Putin səni öldürməkdə qərarlıdır, mən də qoşun göndərə bilmərəm, Buş da göndərməyəcək”, - Saakaşvili bildirib.

O, Sarkozinin 2008-ci ilin avqustunda Tiflisdə şahidlərin iştirakı ilə bu ifadəni bir neçə dəfə təkrarladığını və onu atəşkəs razılaşmasının Moskvanın təklif etdiyi variantda imzalamağa inandırdığını qeyd edib.

“Lex Kaçinski (Polşanın mərhum prezidenti) biləndə ki, biz belə bir razılaşmaya məcbur edilirik, görüşə qatılmağa çalışdı, amma Fransa tərəfi buna getmədi”, - Saakaşvili vurğulayıb.

Sabiq prezident sənəddə yer alan “Cənubi Osetiya və Abxaziyanın statusu gələcəkdə beynəlxalq danışıqlar nəticəsində müəyyən edilməlidir” bəndi ilə razılaşmadığını söyləyib:

“Bu, praktiki olaraq o demək idi ki, biz öz əlimizlə imza atmaqla Gürcüstan ərazilərindən, ölkənin ərazi bütövlüyündən imtina etməliyik. Sarkozi bir neçə saat məni inandırmağa çalışdı. Nəhayət, Nikola Sarkozi Medvedevə yenidən zəng vurdu və Rusiya tərəfi bu bəndə görə təzyiq göstərməməyə razı oldu, nəhayət, atəşkəs razılaşmasına əməl etməkdən imtina etdilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər