İndoneziyanın bir neçə gün əvvəl "itmiş" təyyarəsinin qara qutusu tapılıb. Xatırladaq ki, naməlum səbəbdən qəzaya uğradığı ehtimal edilən sərnişin təyyarəsinin sonradan okeana düşdüyü bəlli olmuşdu.
Dəniz Nəqliyyatı üzrə Direktorlar Şurasının rəhbəri Tonni Budiono "AirAsia QZ8501" təyyarəsinin qara qutusunun tapıldığını təsdiq edib. İndoneziya hakimiyyət orqanlarının bazar günü (11 yanvar) yaydığı press-relizdə belə deyilir.
Sinqapur-Surabaya-reysi ilə uçan təyyarə iki həftə əvvəl 162 sərnişinlə birlikdə qəzaya uğramışdı. Bu barədə məlumatı “channelnewsasia.com” saytı yayıb. Dalğıclar qara qutunu 30-32 metr dərinlikdən tapıblar. Qara qutunun vəziyyəti yaxşı deyil.
Buna baxmayaraq, mütəxəssislər oradakı qeydləri bərpa edə biləcəklərini düşünürlər. Bu isə qəzanın səbəbinin aydınlaşdırılması üçün son dərəcədə vacibdir.