11 Avqust 2023 20:00
3 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizlərdə təbii qaz və karbohidrogen kəşfiyyatı fəaliyyətləri çərçivəsində inşa edilən Türkiyə donanmasının ən güclüsü kimi önə çıxan “Əbdülhəmid Xan” (“Abdülhamid Han”) qazma gəmisinin yeni missiyası Yunanıstan mediasının bir nömrəli gündəmi olub.

Teleqraf.com xəbər verir ki, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar birinci ilini tamamlayan gəminin Aralıq dənizindəki yeni missiyasına başlayacağını açıqlayıb.

“Əbdülhəmid Xan”ın Şərqi Aralıq dənizində qazma işləri apardığını yazan “ERT News” saytı bölgənin Yunanıstana yaxın olmasına baxmayaraq, Türkiyənin sərhədləri daxilində olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəsini regional gücə çevirmək üçün Türkiyənin öz imkanlarından istifadə etdiyinə diqqət çəkən mənbə bu addımın iki ölkə arasında münasibətlərin yumşaldığı dövrə təsadüf etdiyinə diqqət çəkib.

“Kathimerini” qəzeti isə “Əbdülhəmid Xan”ın missiya apardığı yerdən yazıb: “Türkiyə öz sərhədləri daxilində hərəkət etdiyi üçün Afina narahat deyil. Yunanıstan-Türkiyə yaxınlaşmasının bu addımdan təsirlənəcəyi gözlənilmir”.

“Etnos” qəzeti iddia edir ki, qazma gəmisinin yaxın aylarda Türkiyənin ərazi sularında qalıb-qalmayacağı hələlik bəlli deyil.

“Ankaranın qarşıdakı dövrdə necə davranacağı maraq doğurur. Türkiyə prezidenti gözlənilməz oyunçu olaraq qalır, Afina onun necə davranacağını görmək üçün Ərdoğanı izləyir”, - məqalədə qeyd olunub.

Qəzet Türkiyənin bu addımının mənasını şübhə altına alıb və Mavi Vətən mesajına diqqət çəkib.

Qazma gəmisinin işləyəcəyi bölgənin Türkiyə sahillərinin cənubunda olduğuna diqqət çəkən “Etnos” bunun Ankaranın əhval-ruhiyyəsini göstərə biləcəyini yazaraq, son vaxtlar iki ölkə arasında mülayim atmosfer olsa da, Ankaranın Mavi Vətənlə bağlı geri addım atmadığını qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər