21 Avqust 2023 10:50
18 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

CAR-da keçiriləcək sammit zamanı bir neçə ölkə eyni anda BRİKS-ə dəvət oluna bilər. Hazırda namizəd dövlətlərin siyahısı gizli saxlanılır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin iddiasına görə, 23 ölkə BRİKS-ə qoşulmaq üçün rəsmi ərizə təqdim edib.

Bununla belə, qəzetin rəsmi mənbəyi onların hamısının birdən birliyə dəvət olunacağını çətin sayır.

Cənubi Afrikada keçiriləcək sammitdə BRİKS nümayəndələrinin yeni üzvlərin qəbulu üçün meyarlar barədə razılığa gəlmələri gözlənilir. Amma məlumata görə, BRİKS ölkələri arasında dolların hökmranlığından narazılığın artmasına baxmayaraq, vahid valyuta hələ müzakirə olunmayacaq.

Qeyd olunur ki, birliyin genişləndirilməsi ilə bağlı məlumatlar fonunda ciddi mübahisə yaşanıb. Çin alyansda təkcə iqtisadi deyil, həm də siyasi güc görmək istəyir, Hindistan isə buna qarşı çıxır. Pekindəki mənbə iddia edir ki, BRİKS-in genişlənməsi vəziyyətində ittifaq ÜDM-də G7-nin payına bərabər olacaq.

CAR xarici işlər naziri Naledi Pandor bundan əvvəl bildirmişdi ki, BRİKS-in potensial genişlənməsini anti-Qərb addımı kimi qiymətləndirmək düzgün deyil. Bu yaxınlarda məlum olub ki, Argentina, Səudiyyə Ərəbistanı və İndoneziya da birliyə qoşulmaq istəyir. Potensial üzvlər arasında İranın da adı hallandırılır.

BRİKS-ə beş ölkə - Braziliya, Rusiya, Hindistan, Çin və CAR daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər