Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak Rusiyanın Rumıniya və digər qonşularının səmalarından ölkəsinə zərbə endirməsindən danışıb.
Teleqraf.com xəbər verir ki, Podolyak Rusiyanın NATO ölkələrinin səmasından Ukraynanı hədəfə aldığını, alyansda heç kimin buna səs çıxarmadığını deyib.
“Əlbətə, heç kim NATO-nun 5-ci maddəyə istinad edərək, Rumıniyada tarlaya düşən “metal qutu”ya (PUA) görə Rusiya ilə müharibə edəcəyini gözləmir. Bu, belə deyil. Rusiya yalnız bir səbəbdən Ukraynaya raket zərbələri endirmək üçün Rumıniya və digər qonşuların hava məkanından istifadə edə bilir. Çünki səssizlik hökm sürür”, - Ukrayna rəsmisi bildirib.
Podolyak hesab edir ki, ölkələr öz hava məkanlarını pozmağın yolverilməzliyi ilə bağlı daha ciddi tədbirlər görməlidir:
“Məsələn, sərhədlərini qorumaq üçün bu raketləri və pilotsuz təyyarələri müəyyən radiusda vurmağa hazır olduqlarını bəyan edə bilərlər”.
Eyni zamanda, onun fikrincə, Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri ilə tez bir zamanda kömək etmək, onları sərhəd bölgələrində yerləşdirmək lazımdır.
“Bu, Ukrayna ilə həmsərhəd ölkələrin təhlükəsizliyini önəmli dərəcədə artıracaq və Rusiyanın spekulyativ və təxribat imkanlarını məhdudlaşdıracaq”.
Ötən günlərdə Rusiyanın Ukraynaya atdığı PUA Rumıniya ərazisinə düşmüşdü.