Almaniya beş Mərkəzi Asiya ölkəsi ilə strateji tərəfdaşlıq üçün qollarını çırmalayıb. Yeni tərəfdaşlığın əhatə dairəsinə iqtisadiyyat, enerji, təbii sərvətlər və regional məsələlər daxil olduğu bildirilir.
Teleqraf.com xəbər verir ki, Kansler Olaf Şolzun 5 ölkənin liderləri ilə Berlində keçirdiyi görüşdən sonra Almaniya ilə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan arasında Strateji Regional Tərəfdaşlığın qurulacağı deyilir.
Sözügedən tərəfdaşlığın iqtisadiyyat, enerji, təbii sərvətlər, iqlim və ekologiya, regional əməkdaşlıq kimi sahələri əhatə etdiyi bildirilərkən, tərəflərin bundan sonra oxşar formatlarda müntəzəm məsləhətləşmələr şəklində bir araya gələcəyi və növbəti sammitin keçiriləcəyi açıqlanıb. Növbəti belə görüş 2024-cü ildə yenə Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının iştirakı ilə keçiriləcək.
Şolzun dəvəti ilə Qazaxıstan Prezidenti Kasım-Jomart, Tacikistan Prezidenti Emomali Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirak etdiyi Berlin sammitində enerji təhlükəsizliyinin gücləndirilməsi və alternativ enerji təchizatı marşrutlarının yaradılması məqsədləri müzakirə olunub.
Görüşdə regionun Cənubi Qafqaz, Qara dəniz və Türkiyə vasitəsilə Avropaya birləşdirilməsini nəzərdə tutan Orta Dəhlizin inkişafına yönəlmiş təşəbbüslərə də dəstək verildiyi bir daha vurğulanıb.
Mərkəzi Asiya ölkələri inkişaf edən Asiyanın əsas nöqtələrindən birinə çevrilib. Yeni logistik marşrutlar axtaran Mərkəzi Asiyanın Qərbin diqqət mərkəzinə çevrildiyini bildirən ekspertlər Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan Orta Dəhlizin inkişafının böyük əhəmiyyət kəsb etdiyini söyləyirlər. Qeyd edək ki, gələcəkdə açılması planlaşdırılan Zəngəzur dəhlizi Orta Dəhlizin bir hissəsidir.