İsrail tezliklə Qəzzada quru əməliyyatına başlayacaq və mülki şəxslərə zolağın şimal hissəsini tərk etmək üçün son şans verir.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (SAXAL) sözçüsü, kontr-admiral Daniel Haqari deyib.
“Müharibənin növbəti mərhələləri üçün (qüvvələr) yerləşdirilib, tam hazırıq. Bütün istiqamətlərdə - cənubda, şimalda və mərkəzdə qüvvələr hazırlayırıq, planlar əsasında hazırlaşırıq. Diqqətimizi Qəzzaya yönəltmişik, amma biz bütün cəbhələrdə eyni vaxtda fəaliyyət göstərməyə imkan verən geniş şəkildə yerləşmişik”, - admiral bildirib.
Haqarinin sözlərinə görə, yüz minlərlə fələstinli mülki şəxs İsrail ordusunun xəbərdarlıqlarına qulaq asdıqdan sonra artıq Qəzzanın şimalından cənuba təxliyə olunub. Buna baxmayaraq, hələ də orada çoxlu insan var.
“Təxliyə olunmamağı seçən hər kəs özünü və ailəsini riskə atmış olur. Boşaldılan ərazilərə böyük güclə hücum edəcəyik”, - Haqari vurğulayıb.