19 Oktyabr 2023 23:12
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində Samuxda iş adamı Aytəkin Hüseynovu qətlə yetirməkdə təqsirləndirilən Elvin Mehdiyev və Tural Yusifovun cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, araşdırmalar zamanı A.Hüseynovun xeyli müddət Ukraynada yaşaması və orada kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olması, 2020-ci ildən isə Azərbaycana köçüb Samuxun Sərkar kəndində yaşaması məlum olub.

Bir müddət sonra isə Ukraynada yaşayan Saatlı rayon sakini 1993-cü il təvəllüdlü Elvin Mehtiyev həmin ölkənin vətəndaşı olan tanışı Samik Babayevlə birgə orada yaşayan Ruslan adlı kriminal avtoritetin sifarişi ilə Azərbaycana gəlib. Onlar birgə Gəncəyə gedərək avtomobil icarəyə götürüblər. Bundan sonra E.Mehtiyev Sərkar kəndində yaşayan 1989-cu il təvəllüdlü Tural Yusifovla əlaqə saxlayaraq ona kömək etməsini xahiş edib.

Eyni zamanda Ukraynada olan Ruslan adlı şəxs Aytəkin Hüseynova zəng edərək qonaqlarının kəndə gəldiyini və onları qarşılamasını tapşırıb.

Samuxda Beşyol adlanan ərazidə Turala məxsus avtomobildə A.Hüseynovu gözləyən Elvin onun yaxınlaşdığını görərək avtomobildən düşüb və bıçaq çıxararaq ürək nahiyəsindən vurub. O, A.Hüseynovun öldüyünü görəndən sonra ona məxsus telefondan yazışmaları və zəngləri silərək gizli yollarla ərazidən uzaqlaşıb.

Məhkəmədə Elvin Mehtiyev hadisəni sifarişlə törətmədiyini deyib. O bildirib ki, Ukraynada olarkən Aytəkinlə arasında münaqişə yaranıb və A.Hüseynov ona silahla atəş açaraq xəsarət yetirib. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesin yekununda E. Mehdiyev Cinayət Məcəlləsinin 120.2.5 (sifarişlə adam öldürmə), T. Yusifov isə 32.120.2.5 (sifarişlə adam öldürmədə iştirak) maddələri ilə təqsirli bilinib. Elvinə 18, Turala isə 16 il müddətinə həbs cəzası verilib.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər