23 Oktyabr 2023 12:30
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Yaxın Şərqdə hər hansı eskalasiyaya cavab olaraq müvafiq addımlar atacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib.

“Mümkün eskalasiyadan narahatıq. Bütün regionda qoşunlarımıza və xalqımıza qarşı hücumların əhəmiyyətli dərəcədə artması perspektivinə baxırıq, buna görə də qoşunlarımızın yaxşı mövqe tutduğuna və qorunduğuna əmin olmaq üçün əlimizdən gələni edəcəyik”, - nazir bildirib.

HƏMAS-ın İsrailə hücumundan sonra ABŞ Yaxın Şərqdəki qüvvələrinə əlavə olaraq 2000 dəniz piyadasını və iki təyyarədaşıyan gəmisini Aralıq dənizində yerləşdirib.

Ostin bildirib ki, THAAD-ın, eləcə də əlavə “Patriot” sistemlərinin bölgədə dislokasiyası yerdəki ABŞ hərbçilərinin müdafiəsinə yönəlib. THAAD və “Patriot”lar qısa və ortamənzilli ballistik raketləri vurmaq üçün nəzərdə tutulmuş hava hücumundan müdafiə sistemləridir.

Ötən həftə Yaxın Şərqdə fəaliyyət göstərən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi Yəməndən (Husilər) atəşə tutulub. Eyni zamanda, son günlər Suriya və İraqdakı Amerika bazaları pilotsuz təyyarələrlə hücuma məruz qalıb.

“Prezident Baydenlə İran və onun proksi qüvvələri tərəfindən Yaxın Şərqdə son eskalasiyanı dərindən müzakirə etdikdən sonra Müdafiə Nazirliyinin bölgədəki mövqeyini daha da gücləndirmək üçün bir sıra əlavə addımlar atmağa göstəriş verdim. Bu addımlar regional çəkindirmə səylərini, ABŞ qüvvələrinin bölgədəki müdafiəsini gücləndirəcək və İsrailin qorunmasına kömək edəcək. ABŞ Yaxın Şərqdə hər hansı eskalasiyaya cavab olaraq müvafiq addımlar atacaq. Əgər hər hansı bir qrup və ya ölkə bu münaqişəni genişləndirməyə və gördüyümüz bu vəziyyətdən sui-istifadə etməyə çalışırsa, məsləhətimiz ondan ibarətdir ki, bunu etməsinlər”, - Ostin vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər