“Türkiyə dəyərli NATO müttəfiqidir, ABŞ onunla işləməyə davam edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
ABŞ rəsmisi Prezident Rəcəb Tayyib Ərdoğanın HƏMAS-ın terror təşkilatı olmadığı ilə bağlı açıqlamasına da münasibət bildirib:
“Düşünürəm ki, HƏMAS-ın əsl terror təşkilatı olması məsələsində mövqeyimiz çox aydındır. Bu məsələdə fikir ayrılığımıza baxmayaraq, deyə bilərəm ki, Türkiyə NATO-nun dəyərli müttəfiqidir”.
Müttəfiqliyi gücləndirmək üçün Ankara ilə işləməyə davam edəcəklərini söyləyən Miller İsveçin alyansa üzvlük protokolunun Türkiyə Böyük Millət Məclisinə göndərildiyini də xatırladıb:
“NATO-nu gücləndirmək üçün onlarla (Türkiyə) işləməyə davam etməyi səbirsizliklə gözləyirik”.
ABŞ rəsmisi vurğulayıb ki, gücləndirmə səylərinə İsveçin NATO-ya qəbulunun sürətlə həyata keçirilməsi də daxildir.
Bununla bağlı mübahisənin Türkiyə rəhbərliyi ilə yaşadıqları ilk fikir ayrılığı olmadığını qeyd edən Miller Türkiyəni hələ də məhsuldar və konstruktiv NATO müttəfiqi olaraq gördüklərini bildirib.