İsrail hökuməti Fələstin administrasiyasının Qəzza zolağına rəhbərlik etmək üçün qayıtması fikrini istisna etmir.
Teleqraf.com xəbər verir ki, bunu “The Times of Israel” qəzetinə İsrail rəsmisi deyib.
Onun sözlərinə görə, bunun üçün Fələstin rəhbərliyi ciddi islahatlar aparmalıdır. Rəsmi Baş nazir Benyamin Netanyahunun ötən həftə verdiyi açıqlamanın da bunu ehtiva etdiyini deyib.
“ABŞ açıq şəkildə İsraildən xahiş edib ki, İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ı məhv etmək kimi hərbi məqsədinə nail olsa, Qəzzanı kimin idarə edəcəyini planlaşdırsın. ABŞ bildirib ki, plan əvvəlcədən hazırlanmasa, Qəzza İsrail üçün qeyri-müəyyən müddətdə batdığı bataqlığa çevriləcək”, - nəşr yazır.
İsrail hələlik Qəzzanın gələcəyi ilə bağlı yekun açıqlama verməyib. Amma Netanyahu ötən günlərdə demişdi ki, İsrail Müdafiə Qüvvələri müharibədən sonra qeyri-müəyyən müddətdə Qəzzada ümumi təhlükəsizlik nəzarətini saxlayacaq. Nəşrin iddiasına görə, ABŞ dövlət katibi Entoni Blinken bu mövqeyə qarşı çıxıb.