1 Dekabr 2023 11:30
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasının əsas səbəblərindən biri Kiyevin NATO ilə yaxınlaşması idi. Halbuki Ukraynanın NATO üzvlüyünə qəbulunun mürəkkəbliyi bəllidir. Buna baxmayaraq, Moskva “NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına yol vermək olmaz” bəhanəsiylə Krımı ilhaq etdi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri qeyd edirlər ki, Rusiya Ukraynaya qarşı müharibəyə başlamaqla NATO-nu sərhədindən uzaqlaşdıra bilmədi, tam tərsi baş verdi, qonşusu Finlandiya alyansa qoşuldu:

“Kreml indi də NATO-nun Asiyaya daxil olmağa çalışdığını iddia edir. Rusiya Prezidenti Vladimir Putin Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yuxiya ilə görüşdə deyib ki, NATO öz coğrafiyasını genişləndirməyə və Asiyaya daxil olmağa çalışır. Putinin məqsədi aydındır. Kreml sahibi müxtəlif məkanlarda NATO ilə mübarizə aparmaq gücündə deyil. Rusiya Ukrayna ilə müharibəni davam etdirərkən, tərəfdaşı Çinin də NATO üzvləri ilə Asiyada mübarizə aparmasını istəyir. Məsələn, Putin Pekinin xoşuna gəlsin deyə, “ABŞ Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaradır” fikrini tez-tez işlədir. Onun sözlərinə görə, ABŞ NATO ölkələrini Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaratmaqla yanaşı, bölgədə yeni hərbi-siyasi ittifaqlar formalaşdırır.

Kreml sahibi bu açıqlamalarla Rusiya-Çin hərbi ittifaqına və Asiyada tez-tez keçirdikləri birgə təlimlərə haqq qazandırır. Rusiya ilə Çin arasında keçirilən təlimlər bölgə ölkələrini ciddi narahat edir. Öz növbəsində ABŞ Asiya bölgəsindəki müttəfiqlərinə hərbi dəstəyi artırmaqla məşğuldur. “The American Conservative” ABŞ-ın müttəfiqlərini gərəkli hərbi texnika ilə təhciz etmək üçün tam gücüylə çalışdığını yazır. Müqavilələrin sayı artıb. ABŞ Tayvanı da silahlandırmaqda davam edir”.

“Atlas”ın ekspertləri hesab edirlər ki, buna baxmayaraq, ABŞ administrasiyası yeni müharibələrin əleyhinədir:

“ABŞ Prezidenti Co Bayden Ukrayna və Yaxın Şərqdəki müharibələrdən sonra dünya üçün sabitlik imkanlarının açılacağını bildirib. Ağ Ev sahibinin optimizminin nəyə əsaslandığını söyləmək çətindir. Çünki müharibələr bir-birini əvəz edir. Hər halda Vaşinqton Pekinlə dialoqdan imtina etmir. Dialoq Vaşinqtona ona görə lazımdır ki, Asiya-Sakit okean bölgəsində durum nəzarətdən çıxmasın. Buna rəğmən, ABŞ-la Çinin bir-birinə inamı yoxdur, kiçik olay böyük qığılcıma səbəb ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu