Avqust-oktyabr aylarında tərəfdaş ölkələrdən Ukraynaya yardımın həcmi kəskin şəkildə azalaraq 2022-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın Kil İqtisadiyyat İnstitutunun araşdırmasında deyilir.
“Avqustdan oktyabra qədər olan dövrdə yeni yardımlarda kəskin azalma müşahidə olunub, yeni paketlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə ən aşağı (cəmi 2.11 milyard avro) göstəricidir. 42 donordan yalnız 20-si son 3 ayda yeni yardım paketləri təqdim edib, bu da müharibə başlayandan bəri aktiv donorların ən aşağı nisbətidir. Avropa İttifaqı və ABŞ da bir neçə yeni öhdəlik götürüb”, - araşdırmada bildirilir.
Almaniya institutu qeyd edir ki, hazırda Ukrayna ABŞ, Almaniya, Şimali və Şərqi Avropa ölkələri kimi əsas donorlara daha çox arxalanır. Avropa Birliyinin ən böyük yardım öhdəliyi yekunlaşdırılmadığından və ABŞ-ın yardımı kəsildiyindən perspektiv məlum deyil.
“Rəqəmlər son aylarda donorların mövqeyinin qeyri-müəyyən olması təəssüratını təsdiqləyir. Ukrayna Almaniya, ABŞ və Şimali Avropa ölkələri kimi önəmli dəstək verməyə davam edən bir neçə əsas donordan getdikcə daha çox asılı olur. ABŞ-ın gələcək yardımı ilə bağlı qeyri-müəyyənliyi nəzərə alaraq, Ukrayna yalnız ümid edə bilər ki, AB uzun müddətdir elan etdiyi 50 milyard avroluq dəstək paketini nəhayət təsdiqləyəcək. Gecikmə Putinin mövqeyini mütləq gücləndirəcək”, - institutun tədqiqat mərkəzinin direktoru Kristof Trebeş deyib.