Son aylarda Ekvadorun ən çox məhkumun olduğu altı həbsxanasında böyük iğtişaşlar baş verir. Bəzi həbsxanalarda məhbusların mühafizəçiləri girov götürdükləri barədə məlumatlar var.
Teleqraf.com xəbər verir ki, “Los Çoneros” bandasının lideri Fito ləqəbli Xose Adolfo Masias Villamar saxlanıldığı Quayakil həbsxanasından yoxa çıxıb.
Bütün ölkə ərazisində komendant saatı və toplaşma qadağaları gecə saatlarında da tətbiq olunacaq. Prezident Daniel Noboa orduya həbsxanalara nəzarət etmək səlahiyyəti verdiyini açıqlayıb.
Təhlükəsizlik orqanları qaçdığı güman edilən Villamarın tapılması üçün həbsxana və ətrafında genişmiqyaslı əməliyyata başlayıb. Əməliyyata 3 mindən çox şəxsi heyət cəlb edilib.
Fito 2011-ci ildə narkotik ticarəti, mütəşəkkil cinayətkarlıq və qətl kimi müxtəlif cinayətlərə görə 34 il həbs cəzasına məhkum edilib. Prezidentliyə namizəd Fernando Vilyavisensionun qətlində şübhəli bilinən Fito ötən ilin avqustunda xüsusi əməliyyatla yüksək təhlükəsizlik tədbirləri ilə qorunan La Roka həbsxanasına köçürülüb. Sentyabrda isə məhkəmənin qərarı ilə Quayakil bölgəsindəki həbsxanaya geri göndərilib.
Fitonun rəhbərlik etdiyi “Los Çoneros” narkotik alveri ilə məşğul olur, ölkədəki əsas həbsxanalara nəzarət edir.
Ötən ilin iyulunda Quayakil şəhərində ölkənin ən böyük həbsxanası olan Litoralda məhbuslar arasında davadan sonra baş verən iğtişaşda 31 nəfər həyatını itirib. 2021-ci ildən bəri Ekvadorda həbsxanalarda rəqib cinayətkar qruplaşmalar arasında baş verən toqquşmalarda 400-dən çox məhbus ölüb.