Rusiya qərb sərhədləri istiqamətində qüvvələrin uzunmüddətli artırılmasını planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik hesab edir ki, Ukraynada müharibə başa çatana qədər Rusiyanın ikinci cəbhə açmaq üçün resursları yoxdur:
“Ukraynada döyüşlər bitənə qədər Rusiyanın öz prioritetlərini yenidən bölüşdürəcəyini və qüvvələrini başqa istiqamətlərə səfərbər etməyə başlayacağını güman etmək çətindir”.
Məlumatda o da bildirilib ki, Rusiya qərb istiqamətində qüvvələrin uzunmüddətli artırılmasını planlaşdırır. Kreml infrastruktur və hərbi hissələri genişləndirmək, infrastruktur dəyişiklikləri etmək və komandanlıq sahələrini bölmək planları hazırlayıb.
“Rusiya ciddi imkanlara malikdir və imkanlarını cəbhə xətti yaxınlığında daim artırır. Hazırda Rusiyanın prioriteti Ukrayna ilə müharibədə uduzmamaqdır və müəyyən resursları buna yönəldir”, - məlumatda deyilib.