ABŞ Prezidenti Co Bayden İordaniyadakı hərbi bazaya hücumdan sonra köməkçilərinə İrana qarşı cavab tədbirləri, o cümlədən hərbi variantlar hazırlamağı tapşırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” ABŞ hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
Eyni zamanda, nəşr yazır ki, Ağ Ev rəhbəri ABŞ-ni növbəti Yaxın Şərq müharibəsinə cəlb etmək niyyətində deyil.
Mənbələrin “Politico”ya dediklərinə görə, Pentaqonun nəzərdən keçirdiyi variantlar Suriya və İraqda İran hərbçilərinə zərbələr endirmək və Fars körfəzində İranın dəniz qüvvələrini hədəfə almaq var.
Rəsmilər prezident icazə verdikdən sonra cavab tədbirlərinin yaxın bir neçə günə başlayacağını və bir sıra hədəflərin vurulacağını söyləyirlər.
Nəşr bildirir ki, Bayden üçün işlər sürətlə çətinləşib. Xüsusilə Yaxın Şərqdəki münaqişə onun reytinqinin aşağı düşməsinə səbəb olub.