Mayın 30-da rəsmi qeydiyyat prosesi başlayandan bəri İranda keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün 9 namizəd rəsmən qeydiyyatdan keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Parlamentin keçmiş sədri Əli Laricani, Mərkəzi Bankın keçmiş rəhbəri Əbdülnəsir Himməti, dini lider Əli Xameneyinin nümayəndəsi Səid Cəlili, parlamentin iki hazırkı üzvü Məhəmməd Sabaqiyan və Abbas Muğtada, həmçinin dörd keçmiş deputat Mustafa Kavakbiyan, Qüdrət Əli Haşimtiyan, Mahmud Əhmədi Biqaş və Məhəmməd Xoşçöhrə namizəd kimi qeydə alınıb.
Mayın 30-da 14-cü prezident seçkiləri üçün namizədlərin qeydiyyatı başlayıb. Qeydiyyat iyunun 3-dək davam edəcək.
İyunun 4-dən Konstitusiya Keşikçiləri Şurası namizədlərin ölkə prezidenti vəzifəsinə qoyulan tələblərə uyğun olub-olmadığını öyrənmək üçün bir həftə ərzində namizədləri yoxlayacaq. İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq.