11 İyun 13:13
3 865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Hürriyət” qəzetinin yazarı Hande Fırat son günlərdə harada olduğu müəmmaya çevrilən və barəsində ölüm xəbəri yayılan FETÖ lideri Fəthullah Gülənlə bağlı diqqətçəkən iddialar irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Fırat terror təşkilatı daxilində gedən böyük mübarizəyə toxunaraq, Gülənin hələ də ABŞ-nin Pensilvaniya ştatında olduğunu, amma yerinin dəyişdiyini bildirib.

Jurnalist FETÖ liderinin öləcəyi təqdirdə Türkiyəyə gətirilib-gətirilməyəcəyi ilə bağlı Ankaranın mövqeyini də açıqlayıb:

“Nə qədər yalanlasalar da, yaydıqları videodan FETÖ liderinin səhhətinin yaxşı olmadığı aydın görünür. Onun təkcə şəkərli diabeti yox, həm də demans və böyrək xəstəlikləri var. Əldə etdiyim məlumata görə, xəstəlikləri səbəbindən vaxtının çoxunu yatmaqla keçirir.

Mustafa Özcan, Cevdet Türkyolu, Abdullah Aymaz kimi şəxslərin təhriki, qismən də öz istəyi ilə Pensilvaniyadakı evini tərk edib. Səbəb isə “cadu, cinlərin gəlişi, səhhətinin yaxşılaşacağı və onu izləmələri” ilə bağlıdır.

Başqa ölkə və ya başqa ştata köçməyib, həminki ştatdadır”.

Fırat qeyd edib ki, Gülənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təhlükəsiz məkanında olması iddiası doğru deyil:

“Təşkilat daxilində böyük mübarizə gedir. Fəthullah Gülən artıq təşkilatı idarə edə bilməz. Həm təşkilat daxilində hər il iyun ayında edilən təyinatlara, həm də mal-mülk və pula görə.

Qardaşı oğlu sözün əsl mənasında təşkilata qarşı bayaq qaldırıb. O həddə çatıb ki, hətta Türkiyəyə gəlib baş verənləri danışmaq istədiyini bildirib. Əslində, açıq etirafları indi davam edən iş materiallarına daxil edilməlidir.

İndi məsələ Güləndən sonra təşkilatın necə idarə olunacağıdır. Mübarizə çox böyük olduğundan təşkilatın parçalana biləcəyini deyənlər də var. Təşkilat o qədər çaşqın durumdadır ki, bəzi hesablar və ya ayrı-ayrı şəxslər tərəfindən irəli sürülən “hələ də çox təsirlidirlər” fərziyyələr əsassızdır. Bu, terror təşkilatına artıq sahib olmadığı bir gücü vermək cəhdidir.

Gülənin öləcəyi təqdirdə Türkiyəyə gətiriləcəyi iddiasına gəlincə, bu da doğru deyil. Ankaranın məlumatına görə, onu qoruyan ölkənin ərazisində dəfn olunacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər