İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani G7-nin Tehranın nüvə proqramının son genişlənməsini pisləyən bəyanatına istinad edərək, Qərbi dağıdıcı siyasətdən uzaqlaşmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, G7 iyunun 14-də İrana nüvə proqramını genişləndirməməsi barədə xəbərdarlıq edib və Tehranın ballistik raketləri Rusiyaya ötürəcəyi təqdirdə yeni tədbirlər görməyə hazır olacağını bildirib.
“Böyük Yeddilər”in bu xəbərdarlığına cavab verən Kənani deyib: “Ukraynadakı müharibəni İran və Rusiya arasındakı ikitərəfli əməkdaşlıqla əlaqələndirmək cəhdi yalnız qərəzli siyasi məqsədləri olan hərəkətdir”.
İranlı diplomat bəzi ölkələrin Tehrana qarşı sanksiyaları davam etdirmək üçün yalan iddialara əl atdıqlarını söyləyib.
Keçən həftə BMT-nin Nüvə Təhlükəsizliyi Təşkilatının 35 ölkədən ibarət şurası İranı nəzarətçi təşkilatla əməkdaşlığı gücləndirməyə və müfəttişlərə qoyduğu qadağaları ləğv etməyə çağıran qətnamə qəbul edib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) hesabatına görə, İran sürətlə Fordo zavodunda əlavə uranı zənginləşdirmə sentrifuqaları quraşdırır. Kənani bu haqda bildirib ki, Tehran AEBA ilə konstruktiv qarşılıqlı fəaliyyəti və texniki əməkdaşlığı davam etdirəcək, amma onun qətnaməsi qərəzlidir.