2 İyul 10:32
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hazırda Şimali Koreyadan Rusiya və ya Ukraynanın işğal olunmuş ərazilərinə mühəndis qoşunlarının göndərilməsinə dair hələlik heç bir əlamət görmür. Bununla belə, ABŞ vəziyyəti diqqətlə izləyir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Sabrina Sinq deyib.

“Şübhəsiz ki, Şimali Koreyanın Rusiyanın Ukraynadakı səylərini ona müxtəlif hərbi dəstək verməklə dəstəklədiyini bilirik, amma hazırda Rusiyaya konkret qoşunların göndərilməsi barədə heç bir məlumatım yoxdur”, - Sinq bildirib.

ABŞ mediasının iddiasına görə, Şimali Koreya Donetsk vilayətinin işğal olunmuş ərazilərinə inşaat və mühəndis qoşunları göndərəcək. Koreyalıların burada “bərpa işləri” ilə məşğul olacaqları bildirilir.

Cənubi Koreyanın “TV Chosun” telekanalı Pxenyanın iyulda Donbasa irimiqyaslı mühəndis qüvvələri göndərməyə hazırlaşdığı barədə məlumat yayıb. Anlaşmanın Rusiya Prezidenti Vladimir Putinin ötən ay Şimali Koreyaya səfərində əldə edildiyi deyilir. Rəsmi Kiyev məlumata kəskin reaksiya verib.


Müəllif: Mənsur Rəğbətoğlu