8 İyul 13:08
2 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Varlı insanlar bizneslərinə təhlükə yaratmayan, imkanlarını daha da artıran ölkələri seçməyə və məskunlaşmağa başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, SSRİ dağıldıqdan sonra Rusiyada oliqarxların sayı sürətlə artdı, onlardan bəziləri ölkədə qalaraq varidatlarını atırdılar, digərləri də Avropa ölkələrinə məskunlaşaraq bizneslərini buradan idarə etməyə başladılar:

“İndi bunu etmək çətindir. Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Kreml oliqarxları nəzarətdə saxlamağa çalışır. Əvvəllər gedənlər isə Rusiyaya qayıtmağa risk eləmirlər. Kremlə yaxın oliqarxlar istisnadır.

Rusiyalı oliqarx Roman Abramoviç bir ara Londonda məskunlaşmışdı, biznesini İngiltərənin paytaxtından idarə edirdi, özü də məşhur “Çelsi” futbol klubunun rəhbəri idi. Ancaq Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra ingilislər ondan seçim tələb etdilər: ya Rusiyanın Ukraynaya qarşı işğalını pisləyərək Böyük Britaniyada yaşamağa və işləməyə davam etməli, ya da dostu Prezident Vladimir Putinin siyasətinə səssiz qalmaqla Britaniya ərazisini tərk etməli idi. Abramoviç ikincini seçdi, klubunu satdı, məkanını dəyişdi. Ancaq o da Rusiyaya qayıtmadı, başqa xarici ölkələrdən birini seçdi.

Çini tərk edən varlı biznesmenlərin də sayı artıb. Son hesabata görə, 2024-cü ildə rekord sayda milyonçunun Çini tərk edəcəyi gözlənilir ki, bu da Asiyanın böyük iqtisadiyyatına təsir edə bilər. Çin minlərlə milyonçunu itirmək üzrədir.

“Henley Private Wealth Migration Report 2024” adlı hesabata görə, daha yaxşı həyat axtaran varlı çinlilər üçün ənənəvi əsas istiqamətlər ABŞ, Kanada və Sinqapurdur. Ancaq son illərdə artan sayda varlı çinli Yaponiyanı da nəzərdən keçirir.

Köçün səbəblərindən biri Çində daşınmaz əmlak bazarının üzləşdiyi böhrandır. Hesabata görə, Çin yenidən qlobal miqyasda ən böyük milyonçu itirən ölkə olmaq yolundadır.

Ümumiyyətlə, bu il dünyada 128 minə yaxın milyonçunun köçü gözlənilir. 2023-cü ildə bu rəqəm 120 min nəfər idi. Milyonçuları cəlb edən əsas ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Bu ölkə ABŞ-dən təxminən iki dəfə çox milyonçu cəlb etməyi bacarıb”.


Müəllif: Mənsur Rəğbətoğlu