14 İyul 15:18
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə namizəd Donald Tramp mitinqdə çıxışı zamanı silahlı hücuma məruz qalıb. Amerikada prezidentlərə qarşı bundan əvvəl də sui-qəsdlər olub, amma nədənsə sifarişçiləri hələ də tapılmır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, sui-qəsdin sifarişçiləri bununla Trampa seçki prosesinin onun üçün asan olmayacağı mesajını veriblər:

"Trampın hədəfə alınması təsadüfi deyil, çünki o, ənənəvi ABŞ siyasətinə qarşı çıxır. Rusiya və Çinin dünyanın bölüşdürülməsi uğrunda mövqelərini gücləndirməyə çalışdığı vaxtda Tramp "ABŞ-nin Yaxın Şərq və Ukraynada nə işi var?" şüarını səsləndirir.

Hesab edirəm ki, yeni dünya düzənin formalaşmağa başladığı indiki məqamda Trampın qalib gəlməsi ABŞ-nin Rusiya və Çin qarşısında məğlubiyyəti ilə nəticələnə bilər. ABŞ-dəki prezident seçkilərinin nəticələrinin qlobal təsirləri olur. Bu təsirlər Cənubi Qafqazdan da yan keçmir.

Trampın qələbəsi Çin və Rusiyanın maraqlarına uyğundur. Təsadüfi deyil ki, Tramp Ukraynanın Rusiyaya qarşı dəstəklənməsinin əleyhinədir. O, seçiləcəyi təqdirdə müharibəni tezliklə bitirəcəyinə söz verib. Trampın bu açıqlaması rusiyalı həmkarı Vladimir Putin tərəfindən ciddi qəbul olunur.

Çin də Trampın seçilməsində maraqlıdır. Düzdür, Tramp hakimiyyətdə olarkən iqtisadi baxımdan Çinə qarşı sərt mövqe sərgiləmişdi, amma Tayvan məsələsinə o qədər də həssas yanaşmır. Bu, Pekinin maraqlarına uyğundur.

Sui-qəsd cəhdinə gəlincə, bu hadisə Trampın Ağ Evə gedən yolunu açdı. Artıq önündə bir maneənin qalmadığını düşünürəm. Bu, onun reytinqini yüksəldəcək".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər