Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə hücumu KTMT-nin işlək qurum olmadığını nümayiş etdirdi.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Ukrayna iki il davam edən amansız müharibədən sonra Rusiyaya assimetrik cavab verməyə başlayıb. Artıq Rusiyanın Kursk vilayətinin böyük hissəsi Ukrayna tərəfindən ələ keçirilib. Faktiki olaraq, Rusiya əraziləri hücuma məruz qalıb. Rusiyanın yaratdığı və üzvü olduğu KTMT bu hücuma cavab verməli idi. Çünki KTMT nizamnaməsinə görə, üzvlərdən biri hücuma məruz qalarsa, digər üzvlər onu müdafiə etməlidir. Amma hələ də KTMT hərəkətə keçmir, Rusiya ərazisi isə səkkiz gündən çoxdur hücum altındadır.
KTMT üzvləri Belarus, Qazaxıstan, Tacikistan, Ermənistan və Qırğızıstan susurlar. KTMT açıq şəkildə işlək qurum olmadığını göstərdi. Üstəgəl, hərbi blok daxilində fikir ayrılıqları da var. Ermənistan iki ildir KTMT-nin tədbirlərini boykot edir, Qazaxıstan, Qırğızıstan və Tacikistan isə Ukrayna-Rusiya müharibəsinə yanaşmada bitərəfdir. Təkcə Belarus nəzəri olaraq Rusiyanı dəstəkləyir”, - ekspert qeyd edib.
Məhəmməd Əsədullazadənin fikrincə, Qərb Rusiyaya qarşı beynəlxalq koalisiya formalaşdıra bilib:
“NATO da Ukraynaya dəstək verir. Qərbin Kurska hücumda da Ukraynaya dəstək verdiyi, yardım etdiyinə şübhə yoxdur. Bu amil də KTMT-ni hərəkətə gətirmədi. Əslində, heç bir üzv ölkə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsindən məmnun deyil. Müttəfiqləri tərəfindən Rusiyaya buna görə hərbi dəstək verilmir. Hətta Vladimir Putinin dostu Aleksandr Lukaşenko da, bu məsələdə yaxasını kənara çəkib.
Təkcə Qərb yox, Rusiyanı təkləyən, təcrid edən həm də özüdür, onun imperiya ambisiyasıdır. Elə KTMT üzvləri də yaxşı anlayırlar ki, heç onlar da bu ambisiyanın yaratdığı mümkün təhlükələrdən sığortalanmayıblar. Rusiya bu ölkələri müttəfiq yox, “arxa bağça”sı kimi görür, buna görə də onu heç kim dəstəkləmək istəmir”.