Rusiya Ukraynanın Kursk vilayətinə gözlənilməz hücumunu dayandırmaq üçün işğal olunmuş ərazilərdən bir neçə min hərbçisini köçürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadla yazır.
Rusiyanın Ukraynadan nə qədər qüvvə çıxardığı hələlik məlum olmasa da, mənbələr hər biri ən azı 1000 hərbçidən ibarət bir neçə bölmənin Kurska göndərildiyini bildirirlər.
ABŞ rəsmiləri və Avropa kəşfiyyatçılarının fikrincə, Kiyevin Kursk əməliyyatının əsas məqsədi Rusiya lideri Vladimir Putin üçün strateji dilemma yaratmaqdır. Xüsusən də söhbət Rusiyanın öz hərbi resurslarını Ukraynadan çıxarmasından gedir.
Bununla belə, rəsmilər deyirlər ki, Rusiyanın Ukraynada yüz minlərlə əsgəri var, buna görə də bir neçə min hərbçinin çıxarılması qısa müddətdə o qədər də təsirli olmaya bilər. Bundan əlavə, Rusiya hələ də Ukraynadan daha böyük və daha yaxşı təlim keçmiş bölmələrini Kurska göndərməyib, bunun əvəzinə müdafiəsini daxildən cəlb edilmiş, əsasən təlim keçməmiş çağırışçılarla gücləndirib.
“İndiyədək Rusiya qoşunlarının ciddi yerdəyişməsini görməmişik”, - ABŞ kəşfiyyatçısı vurğulayıb.
Rəsmilərdən biri qeyd edib ki, Ukraynadan köçürülən azsaylı qüvvə ilə yanaşı, Rusiya Kurskun müdafiəsinə kömək üçün Leninqrad Hərbi Dairəsi və Kalininqraddan şəxsi heyət göndərib. Bununla yanaşı, Qərb Kursk əməliyyatları fonunda Ukraynanın cəbhənin digər istiqamətlərində mövqelərinin mümkün zəifləməsindən narahatdır, çünki Rusiya bundan işğal edilmiş əraziləri genişləndirmək üçün istifadə edə bilər.
“Bu, hərbi baxımdan təsiredicidir. Amma Ukrayna bunun üçün kifayət qədər təcrübəli qüvvə ayırır və onların bu qüvvəni itirmək şansları yoxdur. Həmçinin Ukraynanın diqqətini cəbhə xəttindən yayındırması Rusiyaya üstünlük qazandırır”, - rəsmilərdən biri bu fikirdədir.