20 Avqust 11:10
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kəşfiyyatı rəsmi olaraq İranı ABŞ prezidentliyinə namizədlər Donald Tramp, Kamala Harris və keçmiş namizəd Co Baydenin seçki qərargahlarına hücuma görə məsuliyyət daşımaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Amerika kəşfiyyatına görə, haker hücumlarında məqsəd seçkilərin nəticələrinə təsir göstərməkdir. Mənbə bunun nəticələrə təsir etmək üçün Tehranın genişmiqyaslı səylərinin bir hissəsi olduğunu bildirir.

Trampın seçki qərargahı bundan öncə hücumların arxasında İranın olduğunu bəyan etsə də, indi ABŞ hökuməti ilk dəfə rəsmən baş verənlərə görə məsuliyyəti bu ölkənin üzərinə qoyur.

ABŞ İranın məsuliyyət daşıdığı qənaətinə necə gəldiyini və oğurlanmış ola biləcək məlumatların mahiyyətini açıqlamayıb. Bununla belə, kəşfiyyat vurğulayır ki, İran Respublikaçılar və Demokratlar partiyalarının seçki kampaniyalarına birbaşa çıxışı olan şəxslərə çıxış əldə etməyə cəhd edib.

“Bu seçki dövrü ərzində İranın getdikcə daha aqressiv fəaliyyət göstərdiyi, o cümlədən Amerika ictimaiyyətinə təsir və seçki kampaniyalarını hədəfə alan kiber əməliyyatlara start verdiyi nəzərə çarpır”, - kəşfiyyatın açıqlamasında qeyd olunur.

Federal rəsmilərin fikrincə, haker hücumları və oxşar addımlar nifaq salmaq, Amerika cəmiyyətində parçalanmalardan istifadə etmək və İranın milli təhlükəsizlik maraqlarına toxunmaq baxımından önəmli hesab etdiyi seçkinin nəticələrinə təsir etmək məqsədi daşıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər