Parlament seçkilərindən sonra Gürcüstan hakimiyyətinin sabiq prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası və ona bağlı qurumların fəaliyyətini konstitusiyaya zidd saymaq təşəbbüsü Avropa Komissiyasının reaksiyasına səbəb olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici siyasət xidmətinin sözçüsü Peter Stano deyib.
“Hazırkı fəaliyyət kursu Gürcüstanın AB-yə gedən yolunu təhlükə altında qoyur, üzvlük prosesini faktiki olaraq dayandırır. Avropa Komissiyası Gürcüstanın ritorikası və hadisələrin gedişatını diqqətlə izləyir və buna uyğun cavab verməyə hazırdır. Bütün variantlar masadadır, bu bəyanatlar reallaşarsa, uyğun hərəkət edəcəyik.”, – Stano Gürcüstan hakimiyyətinin planlarını şərh edərkən bildirib.
Avqustun 20-də hakim “Gürcü Arzusu” Partiyası bəyanat yayıb ki, qarşıdan gələn parlament seçkilərində qalib gəlsə, Saakaşvilinin partiyası və ona bağlı birlikləri konstitusiyaya zidd qurumlar kimi tanıyacaq.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.