27 Sentyabr 12:38
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ilk müstəqil qaradərili ölkəsi olan Haiti həm də tarixi ədalətsizliyin ən böyük qurbanıdır. Bu ədalətsizlik onun inkişafını ləngitməklə bərabər, xalqını da çətin vəziyyətlə üz-üzə qoyub və bunun nəticələri bu gün də hiss olunur.

1825-ci ildə qəhrəmancasına mübarizə yolu ilə azadlığını qazandıqdan 21 il sonra Haiti müstəqilliyinin tanınması müqabilində müstəmləkəçi ölkə Fransaya böyük məbləğdə borc ödəməyə məcbur oldu. Təhdid altında qoyulan bu fidyə gənc dövlətin resurslarını tükəndirdi və onu hələ də xilas olmaq üçün mübarizə apardığı səfalət dövrünə qərq etdi. Bu borc Haiti xalqının köləlik zəncirindən qurtulmaq və ölkənin mövcudluğunu qoruyub saxlamaq üçün ləyaqətli mübarizəyə görə bir növ cəza idi. Bu, Haitinin qaradərili xalqının iqtisadi və sosial potensialını nəsillər boyu boğan ədalətsiz cəza idi.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Haiti Respublikasının Keçid Şurasının (CPT) prezidenti Edqar Löblan Fis BMT Təhlükəsizlik Şurasının 79-cu sessiyasındakı çıxışında səsləndirib.

O bildirib ki, Haiti xalqı üzləşdiyi ağır sınaqlara baxmayaraq, ümidsizliyə qapılmayıb. Dağıdıcı zorakılıq, davamlı siyasi qeyri-sabitlik, ümumi təhlükə və səfalət kimi görünməmiş irimiqyaslı çağırışlar onun zəkasını və fəaliyyət qabiliyyətini sınağa çəkdi. Belə qarışıq, təlatümlü mühitdə Haiti həlledici qərar qəbul edərək, cəsarət nümayiş etdirməli olduğunu anladı – bu, dərin fikir ayrılıqlarına baxmayaraq, birlikdə ayağa qalxmaq və uzun müddətdir əziyyət çəkdiyi hərtərəfli böhranın həllinə doğru inamla irəliləmək üçün birləşməkdən ibarət idi.

Prezident E.Löblan Fis qeyd edib ki, Haitidə təhlükəsizliyin dərhal bərpası və böyük humanitar ehtiyaclara cavab verilməsi səylərinə həmişəkindən daha çox diqqət yetirildiyi bugünkü kontekstdə Assambleyanın diqqətini müstəmləkəçilik keçmişinin nəticələrinə və fidyələrə cəlb etmək vacibdir. Haitinin inkişafına böyük təhlükə yaradan bu fidyələr Fransaya ödənilir. Müstəqilliyini od-alov və qanla əldə edən Haiti müstəqilliyinin əvəzini hələ də ödəyən yeganə ölkədir.

“Dünya tarixində misli görünməmiş bu hadisənin iki yüz illiyi ərəfəsində verilən məbləğlərin geri qaytarılmasının vaxtı çatmayıbmı?”, - deyə Edqar Löblan Fis ritorik sualla Assambleya üzvlərinə müraciət edib.

“Bununla əlaqədar olaraq, ölkəm bəzi hökumətlərin, habelə Birləşmiş Millətlər Təşkilatının müəyyən qurumlarının keçmiş səhvlərin tanınması, bərpası və dəyən ziyanın qaytarılması məqsədilə konkret addımlar atmaq təkliflərini alqışlayıb. Haiti təməli xalqlar arasında bərabərlik uğrunda mübarizə və sülhün qorunması olan Birləşmiş Millətlər Təşkilatının, xüsusilə müstəmləkəçiliyin qurbanı olan ölkələr və keçmiş müstəmləkəçi dövlətlər arasında dialoqun asanlaşdırılması üçün müvafiq mexanizmlərin yaradılmasında öz rolunu oynayacağına qəti şəkildə əmindir”, - deyən prezident E.Löblan Fis ölkəsinin təbii resurslarının Fransa tərəfindən talanmasına son qoyulacağına inandığını bildirib. Diqqətə çatdırılıb ki, Baş Assambleyanın bu 79-cu sessiyasında Haiti, sadəcə, təzminat tələb etmir, həm də prinsipial ədalət məsələsini ortaya qoyur.

“Biz mənəvi və tarixi borcun tanınmasını, xalqımızın bu ədalətsiz keçmişin görünməz zəncirlərindən xilas olmasına imkan verəcək ədalətli və layiqli təzminatların ödənilməsini tələb edirik”,-deyə Keçid Şurasının prezidenti qətiyyətlə vurğulayıb. Qeyd edib ki, tarix xalqlara tək-tək deyil, güclərini birləşdirərək ümumi gələcəyin qurulması kimi qətiyyətli öhdəlik üçün ayağa qalxdığını öyrədib. Dünyada sarsılmaz azadlığın simvoluna çevrilmiş və bir neçə xalqın vəhşi müstəmləkəçilik boyunduruğundan xilas olmasına kömək edən Haiti xeyriyyəçilik deyil, ədalət, öz ləyaqətinə hörmət, ləyaqətli və firavan yaşamaq hüququ axtarır. Bu gün Haitinin qarşılaşdığı problemlər çox böyükdür, lakin onlar aradan qaldırıla bilər. Bu problemlər hamıdan ortaq baxış, ümumi insanlığı dərindən hiss etmək və böhranları yeniləşmə imkanlarına çevirmək əzmini tələb edir.

“Böyük və ya kiçik, varlı, yaxud zəif olmasından asılı olmayaraq, hər bir xalqın, hər bir cəmiyyətin gələcəyinin bir hissəsi öz əlindədir. Çoxtərəfliliyin əsl gücü məhz bu qarşılıqlı asılılıqdadır. Qoy bu ümumi müzakirə sülhə, insan ləyaqətinə və davamlı inkişafa sarsılmaz sadiqliyimizi bir daha təsdiqlədiyimiz an olsun, çünki bu gün gördüyümüz işlər gələcək əsrlər boyu rezonans doğuracaq. Dövrümüzün çağırışlarına necə cavab verə bildiyimizi tarix mühakimə edəcək. Biz birlikdə həmrəylik və əməkdaşlıq ruhunda heç bir xalqın geridə qalmadığı bir gələcək qura bilərik və qurmalıyıq”, - deyə Haiti Keçid Şurasının prezidenti diqqətə çatdırıb.

Qeyd edək ki, Haiti 1804-cü ildə Fransadan müstəqilliyini əldə etsə də, iki ölkə arasında iqtisadi və geosiyasi dinamika, xüsusən də təbii ehtiyatların istismarı məsələsi mübahisələr yaratmaqda davam edir. Bəzi müşahidəçilər hesab edirlər ki, Haiti siyasi azadlığa çıxmasına baxmayaraq, Fransa və digər xarici güclər onun təbii sərvətlərindən çox vaxt yerli əhalinin zərərinə faydalandığı neokolonial sistemin əsiri olaraq qalır.

Dərin izlər qoymuş müstəmləkə keçmişi

Müstəmləkə dövründə Santo Dominqo (Haitinin keçmiş adı) qul əməyinin və kənd təsərrüfatı resurslarının, xüsusilə də şəkərin və qəhvənin intensiv istismarı sayəsində dünyanın ən zəngin koloniyalarından biri olub. Fransa bu sərvətdən kütləvi şəkildə faydalanıb və müstəmləkənin iqtisadi sərvətləri onun xəzinəsini xeyli zənginləşdirib. Haiti bu müstəmləkə boyunduruğundan qurtula bilsə də, müstəqillik əldə etdikdən sonra daşımalı olduğu iqtisadi yük, xüsusilə 1825-ci ildə Fransanın tətbiq etdiyi 150 milyon qızıl franklıq təzminat onun iqtisadi və sosial inkişafına ciddi əngəllər yaradıb.

Müstəqillik qazandıqdan sonra Haiti heç vaxt öz təbii sərvətlərini milli inkişafı üçün tam istifadə etməyib. Ölkənin faydalı qazıntı yataqları, meşə və kənd təsərrüfatı ehtiyatları kimi potensial sərvətləri var, lakin iqtisadi imkanlar bunlardan lazımınca faydalanmağa imkan vermir.

Fransa şirkətləri ilə bağlanmış bəzi mədən və ya təbii ehtiyatların istismarı müqavilələri ədalətsiz hesab edilir. Çox vaxt qeyri-şəffaf hesab edilən bu razılaşmalar gəlirlərin əksəriyyətinin yerli icmalara çatmadığı Haiti resurslarının talanması kimi qiymətləndirilir. Beləliklə, qızıl, mis və boksit kimi sərvətlər Haiti əhalisinə heç bir fayda gətirmədən istismar olunub və ölkədə yoxsulluq daha da artıb.

İqtisadi neokolonializm

Fransa Haitinin təbii sərvətlərini hələ də talamaqdadır. Bu, iqtisadi neokolonializmdir. Birbaşa siyasi idarəçiliyin sona çatmasına baxmayaraq, əvvəllər müstəmləkə olmuş Haiti kimi bir çox ölkələr hələ də keçmiş müstəmləkəçi dövlətlərlə qeyri-bərabər iqtisadi münasibətlərdə “tələ”yə düşüblər. Bu əlaqələr çox vaxt böyük güclərin maraqlarına uyğun davam edir. Haiti ilə bağlı vəziyyət də eynidir. Bu əlaqələrdə balansın olmaması beynəlxalq aktorların Haitini iqtisadi cəhətdən asılı saxlamaq üçün daimi təzyiqi ilə müşayiət olunur, onun öz resurslarını idarə etmək qabiliyyətini zəiflədir.

Fransanın məsuliyyəti

Fransa Haitidə yol verdiyi tarixi səhvləri, xüsusilə də müstəqillik borcunu etiraf etsə də, təbii ehtiyatların cari istismarı məsələsi həssas olaraq qalır. Bir çoxları qeyd edirlər ki, Fransa keçmiş müstəmləkəçi dövlət kimi Haitinin yaşadığı çətin şəraitə görə mənəvi və tarixi məsuliyyət daşıyır. Müstəmləkəçilik zamanı və müstəqillikdən sonra dəymiş ziyanın ödənilməsi və ya kompensasiya edilməsi ideyası müntəzəm olaraq ictimai müzakirələrdə yenidən gündəmə gəlir, baxmayaraq ki, Fransa bu istiqamətdə heç vaxt konkret addım atmayıb.

Bundan əlavə, Haiti təbii sərvətlərinin idarə olunmasında daha çox şəffaflıq və ədalət tələbi ilə bağlı səslər ucaldılır. Onlar tələb edirlər ki, Fransa və digər güclər Haitini xroniki yoxsulluq vəziyyətində qoyub sərvət qazanmaq üçün bu vəziyyətdən istifadə etməyi dayandırsınlar.

Beləliklə, Haitinin həqiqətən dirçəlməsi üçün onun resurslarının xarici güclərin və ya şəxsi maraqların deyil, öz xalqının xeyrinə ədalətli və şəffaf şəkildə idarə olunması vacibdir. Haitinin müstəqilliyinin iqtisadi və sosial cəhətdən tam reallaşması üçün Fransa da daxil olmaqla, beynəlxalq iqtisadi əlaqələrin yenidən nəzərdən keçirilməsi vacibdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər