“Avropa dəyərlərindən tam məhrum olan konkret avropalı siyasətçilər və bürokratlara aydın göstərmək lazımdır ki, Gürcüstanla şantaj və təhqirlərlə deyil, hörmətlə danışmaq lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, avropalı siyasətçilər və bürokratlar ayrılmış qrant və kreditlərdən Gürcüstana qarşı şantaj üçün istifadə edirlər.
“Puldan şantaj üçün istifadə etmək özünə hörmət edən gürcü xalqı üçün heç vaxt məqbul sayılmayacaq təhqiramiz bir təcrübədir”, - İ.Kobaxidze söyləyib.
Baş nazir Gürcüstanın Aİ-yə üzv olması üçün danışqların bərpasına iqtisadi cəhətdən 2030-cu ildə hazır olacağını qeyd edib. “Lakin bizi daima şantaj və manipulyasiya rejimində saxlamağa heç kəsə imkan verməyəcəyik. Bu, ölkəmiz və cəmiyyətimiz üçün olduqca təhqiramizdir”, - İ.Kobaxidze deyib.
Baş nazir hesab edir ki, hökumətin bugünkü qərarı Gürcüstan və Aİ arasında münasibətlərin sağlamlaşdırılmasına vacib təsir edəcək.
Qeyd edək ki, Gürcüstan 2028-ci ilə qədər Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırıb.